Mariya Stadnik Azərbaycana 5-ci qızıl medalı qazandırdı!
03.04.2009 - 19:38
Mariya Stadnik  Azərbaycana 5-ci qızıl medalı qazandırdı!
Liitvanın paytaxtı Vilnüsdə keçirilən sərbəst, yunan-Roman və qadın güləşi üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün xanım pəhləvanlar 48, 55, 63 və 72 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Artıq Azərbaycanın qadın güləşçilərindən biri fəxri kürsüyə yüksəlib. Yalnız finalda uduzan Zümrüd Qurbanhacıyeva (67 kq) gümüş medala sahib çıxıb. Sona Əhmədli (59 kq) isə ümidləri doğrultmayıb.

Bu gün daha 4 təmsilçimiz qitə birinciliyində qüvvəsini sınayıb.

48 kq
Yığmamızın ukraynalı legioneri Mariya Stadnik ilk mərhələdə qələbə qazanıb. Pekin Olimpiadasının bürünc mükafatçısı rusiyalı Liliya Kaskarakovaya hər iki hissədə qalib gəlib: 4:0; 5:4. Maraqlıdır ki, Stadnik 1/4 finalda öz həmvətəni və adaşı Mariya Livaçla güləşib. Bu görüşdə rəqibinə aman verməyən pəhləvanımız 3:0 və 2:0 hesablı qələbələrlə yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda görüşdə İvona Sadovska (Polşa) ilə mübarizə aparıb. Güləşçimiz həm birinci, həm də ikinci hissədə rəqibini üstələyib (3:0 və 1:0). Beləliklə, Mariya növbəti dəfə qitə birinciliyinin finalında iştirak edəcək. Onun həlledici görüşdəki rəqibi rumıniyalı Estera Dobredir. Final Bakı vaxtı ilə axşam saatlarında keçiriləcək.Finalda da qələbə qazanan ( 6:0, 7:0) Stadnik növbəti dəfə Avropa çempionu olub. Bununla Azərbycan 5-ci qızıl medalını qazanıb.
Xatırladaq ki, Stadnik ötən il də Avropa çempionu tituluna sahib çıxmışdı.

55 kq
Bu çəkidə təmsilçimiz Nadiya Qradyuk startda uğursuzluğa düçar olub. Lenka Martinakovaya (Çexiya) uduzan Qradyuk heç təsəliverici mərhələyə də qatıla bilməyib. Çünki Martinakova 1/4 finalda məğlubiyyətlə barışıb.

63 kq
Olesya Zamula birinci mərhələdə italiyalı Mariya Diananı açıq-aşkar üstələyib - 3:0; 4:0. Güləşçimiz yarımfinala vəsiqə əldə etmək üçün Hanna Yohanssonla (İsveç) üz-üzə gəlib və uduzub. Təəssüf ki, Yohansson finala yüksələ bilməyib. Buna görə də Zamula bürünc medal qazanmaq şansını da itirib.

72 kq
Daha bir güləşçimiz Dina İvanova da ilk mərhələdə qələbəni bayram edib. O, Belarus idmançısı Nataliya Şinkarovanı çətinliklə də olsa, məğlub edib - 1:2; 3:1; 3:0. Lakin 1/4 finalda zəif təsir bağışlayan Dina rusiyalı Alyona Starodubtseva ilə bacarmayıb. Buna baxmayaraq, həmyerlimizin bəxti gətirib. Alyona finala vəsiqə qazandığından, İvanovanın təsəlliverici mərhələdə iştirakın icazə verilib. Amma Dina Marina Qastla (Avstriya) uduzaraq, bürünc medaldan da əlini üzüb.

Qeyd edək ki, idmançılarımızdan indiyədək Əli İsayev Zəlimxan Hüseynov, Çamsulvara Çamsulvarayev və Xetaq Qazyumov qızıl, Cəbrayıl Həsənov Zümrüd Qurbanhacıyeva gümüş, Novruz Temrezov bürünc medala sahib çıxıb.