Dünya çempionumuz adam öldürməyə cəhddə ittiham olunur
01.07.2009 - 16:54
Dünya çempionumuz adam öldürməyə cəhddə ittiham olunur
Universal döyüş üzrə azərbaycanlı dünya çempionu qəsdən adamöldürməyə cəhddə ittiham olunur. Apasport.az saytının “Trend” İnformasiya Agentliyinə istinadən məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə universal döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Zabit Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə ifadə verən təqsirləndirilənlər özlərini elan olunan ittiham üzrə qismən təqsirli biliblər. Qəsdən adamöldürməyə cəhd və xuliqanlıqda ittiham olunan şəxslər ötən ilin avqustunda Nabrandakı barların birində istirahət edərkən, 6 nəfər Xaçmaz rayon sakini ilə dava ediblər. Dünyamalıyev və Ağalarov bildirib ki, tanımadıqları 6 nəfər onlara sataşıb. Bundan sonra aralarında mübahisə yaranıb və həmin şəxsləri döyüblər.
Dünyamalıyev özünü müdafiə məqsədi ilə üstündəki bıçaqla həmin şəxslərdən birini bıçaqlayıb.

Proses iyulun 8-də zərərçəkmişlərin ifadələri ilə davam etdiriləcək.

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov isə apasport.az saytına açıqlamasında Sənan Dünyamalıyevin günahsız olduğunu vurğulayıb: “Sadəcə, Sənan mübahisə edənləri aralamaq, davanı sakitləşdirmək istəyib. Bildiyimə görə, Dünyamalıyevin günahı yoxdur. Çox güman ki, məhkəmə ona şərti cəza verəcək. Adam öldürməkdə ittiham olunan Zabit Ağalarovu isə tanımıram”.

Federasiya prezidenti onu da qeyd edib ki, Dünyamalıyev həbs olunduğundan qarşıdakı yarışlara hazırlığı yarımçıq dayandırıb: “Sənan kasıb, məşqləri vaxtlı-vaxtında edən idmançıdır. O, sentyabrda Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırdı. Lakin onun barəsində həbs-qəti imkan tədbiri seçildiyindən, hazırlıq yarımçıq qaldı”.

Qeyd edək ki, Dünyamalıyev “İnter” Peşəkar İdman Klubunun üzvüdür.
0