Azərbaycan yığması Avropa ikincisi oldu
05.07.2009 - 21:22
Azərbaycan yığması Avropa ikincisi oldu
Gürcüstanın paytaxtı Tiflisdə gənc güləşçilər arasında keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın son günündə xalça üzərinə sərbəst üsulla güləşənlər çıxıb. Azərbaycan yığmasının üzvləri 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar. Yekunda ölkəmiz komanda hesabında Rusiyadan sonra ikinci yeri tutub.

50 kq
1/8 finalda güləşçimiz Nicat Muradovun rəqibi bolqar İvaylo Arnaudov olub. Rəqibinə şans verməyən Nicat növbəti görüşdə uduzub və təsəlliverici mərhələdə rəqibini gözləyir. Burada fransız rəqibini üstələyən həmyerlimiz bürünc qazanıb.

55 kq
Həmyerlimiz Azər Paşayev Almaniya və Gürcüstan idmançılarını məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə ukraynalı rəqibinə uduzan Paşayev təsəlliverici görüşlərə qatılıb. Burada latviyalı cüdoçu üzərində qələbə qazanan idmançımız yarışı bürünc medalla başa vurub.

60 kq
Bu çəkidə təmsilçimiz Ağahüseyn Mustafayev ilk görüşünü Vadim Qonçarenkoya (İsrail) qarşı keçirib. İlk cəhdini qələbə ilə başa vuran Mustafayev ¼ finalda türk rəqibini də məğlub eədərək yarımfinala çıxıb. Burada rus idmançısının kürəyini yerə vuran Agahüseyn yerli güləşçi ilə qızıl medal uğrunda mübarizdən məğlub ayrılıb.

66 kq
Milli komandamızın üzvü İbrahim Yusubov ilk cəhddə ukraynalı rəqibinə qalib gəlsədə, ¼ finalda gürcüstanlı cüdoçuya uduzub. Yerli idmançı finaladək irəlilədiyindən həmyerlimiz təsəlliverici görüşlərə qatılıb. Burada İvan Dubolski (Bolqarıstan) və Demir Muhammedi (Türkiyə) məğlub edən Yusubov bürünc medala yiyələnib.

74 kq
Zaur Ələkbərovun bəxtinə düşmən ölkə təmsilçisi Zadoyan düşüb. Amma prinsipial görüşdən qalib ayrılan Ələkbərov ¼ finalda rusiyalıya uduzub. Rəqibi finala yüksəldiyindən idmançımız təsəlliverici görüşlərə qatılıb. Amma Zaur yerli idmançı ilə bacarmayıb.

84 kq
Raman Bakirov ilk 2 cəhdini qələbə ilə başa vursa da, yarımfinalda uduzaraq təsəlliverici görüşlərə qatılıb. Burada həmyerlimiz bolqar idmançı ilə bürünc uğrunda qüvvəsini sınayıb və qalib gəlib.

96 kq
Daha bir prinsipial görüş. Həmvətənimiz Cəmaləddin Məhəmmədov erməni Andranik Qalstyanı məğlub edib. Ardıcıllıqla Ukrayna və Macarıstan idmançılarını da üstələyən Məhəmmədov finalda Dibir Calilovu (Rusiya) yenməklə, qitə çempionu olub.

120 kq
Aslan Cəbişov ilk cəhddə bolqarıstanlı Stoyanovu üstələyib. Növbəti görüşünü rusiyalı idmançıya qarşı keçirən həmyerlimiz təsəlliverici mərhələyə qatılıb və macarıstanlı güləşçini 7:0 hesabı ilə məğlub etməklə, fəxri kürsüyə yüksəlməyi bacarıb.