34 dəfə dünya rekordçusu yığmamızda 5 min manat maaş alacaq
14.07.2009 - 12:26
34 dəfə dünya rekordçusu yığmamızda 5 min manat maaş alacaq
Bu gün ağır atletika üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi bolqarıstanlı Yanko Rusevin təqdimatı olub. Apasport.az saytının məlumatına görə, təqdimat mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak edib.

1980-ci ildə Moskvada olimpiya çempionu olmuş Rusev 3 illik müqaviləyə imza atıb. Ona həmyerlisi Dimitar Kolev kömək edəcək. İsmayılov bildirib ki, rəhbərlik Rusevin qarşısına 2012-ci London Yay Olimpiya Oyunlarında ölkəmizə medal qazandırmaq vəzifəsi qoyub.

Tədbirdə yeni çalışdırıcılara veriləcək maaşların məbləği də açıqlanıb. Belə ki, Rusevə ayda 5 min, onun köməkçisinə isə 2 min manat əməkhaqqı veriləcək. Baş məşqçi yığmaya legioner də cəlb edəcək. 69 kq çəki dərəcəsində yarışan bolqar Nikolay Dimitrov “milliləşdiriləcək”. İsmayılovun sözlərinə görə, bu çəkidə ən perspektivli atlet Əfqan Bayramov isə çəkisini dəyişəcək: “Əfqan bundan sonra 77 kq çəkidə mübarizə aparacaq. Uzun müddət 69 kq-da yarışmış Turan Mirzəyev isə artıq yaşlaşıb”.

Rusevin baş məşqçi postunda əvəzlədiyi Vahid Nəzərov gənclər yığmasını çalışdıracaq. Yeri gəlmişkən, İsmayılov Nəzərovun milli komandanın gələcəyi ilə bağlı verdiyi bədbin proqnoza da münasibət bildirib: “Kiminsə qabaqcadan danışması düzgün deyil. Hər şeyi zaman göstərəcək. Biz olimpiadada medal istəyirik”.

Yanko Rusev isə milli komanda üzvlərinin məşqlərə başladığını söyləyib: “Yığmada yaxşı texnikalı atletlər var. Lakin Pekin Olimpiadasından sonra onlar 5-6 ay məşq etməyiblər. Buna görə də formada deyillər. Dünəndən etibarən məşqlərə başlamışıq. 5-10 günə milli komanda üzvləri formaya düşəcəklər”.

Qeyd edək ki, Rusev Yaponiya və Bolqarıstan milli komandalarının baş məşqçisi işləyib. İdmançı karyerasında 34 dəfə dünya rekordu müəyyənləşdirən mütəxəssisin son iş yeri Bolqarıstan Ağır Atletika Federasiyası olub.
0