Axırıncı yox, axarıncı olsun!
19.07.2009 - 21:24
Axırıncı yox, axarıncı olsun!
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) rəhbərliyi Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Apasport.az saytının məlumatına görə, Bakı Əyləncə Mərkəzində təşkil olunmuş mərasimə idman və gənclər sahəsində yazan jurnalistlər, rəsmi şəxslər və başqaları qatılıblar.

Tədbiri açıq elan edən AGİN-in mətbuat katibi Səmayə Məmmədova jurnalistika sənətinin çətinliyindən, məsuliyyətindən danışıb və bütün həmkarlarına uğurlar diləyib: “Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə dostluq etmək olduqca maraqlıdır. Mən iş prosesində bunun şahidi oluram. Jurnalistika çox məsuliyyətli peşədir. Azərbaycanda əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulan bu peşənin ənənələri davam etdirməkdə sizin üzərinizə böyük yük düşür. Bu tədbiri keçirməkdə başlıca məqsədimiz odur ki, dincələsiniz, əylənəsiniz. Ən azı ona görə ki, buna haqqınız çatır. Milli Mətbuatın 134-cü il dönümü ilə bağlı sizləri təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram”.

Daha sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov nitq söyləyib. Nazir müavini çıxışında tədbirə gecikməsinin səbəbini də açıqlayıb: “Olimpiya çempionu Namiq Abdullayevin peşəkar güləşçi karyerasını başa vurması qeyd olunurdu. Həmin tədbirdə iştirak etdiyimdən, üzrlü səbəbdən bura gecikdim. Mətbuat nümayəndələri Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışına töhfə verməlidirlər. Gənclər və idman naziri Azad Rəhimovun adından sizləri təbrik edirəm”.

Tədbirdə bədii hissə də keçirilib. Estrada müğənniləri Samirə, Elariz Məmmədoğlu və digərləri müxtəlif mahnıları ifa ediblər. Gecə saatlarınadək davam edən mərasimdə jurnalistlər sözün əsl mənasında, həm dincəliblər, həm də əyləniblər. Bizə isə mətbuat bayramını ilk dəfə yüksək səviyyədə qeyd edən AGİN rəhbərliyinə təşəkkür etmək qalır. Axırıncı yox, axarıncı olsun!
0