Füzuli Ələkbərov: İrəvanda himnimizin səslənməsi, ermənilərə göz dağı oldu
14.09.2009 - 17:59
Füzuli Ələkbərov: İrəvanda himnimizin səslənməsi, ermənilərə göz dağı oldu
“Ermənistanda keçirilən Avropa çempionatından getməməyə heç bir səbəb yox idi. Biz İrəvana qonaq kimi yox, qitə birinciliyində layiqli çıxış edib, medal qazanmağa getmişdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərlə söhbətində Ələkbərov bildirib ki, idmançılarımızın Ermənistanda təşkil olunan Avropa çempionatına yollanmasını düzgün saymayanlarla razılaşmır: “Bu mötəbər turnirə getməməyimiz heç bir fayda verməyəcəkdi. İrəvanda himnimiz səsləndi, neçə dəfə bayrağımız qalxdı. Bu, ermənilərə göz dağı oldu. Biz bir daha sübut etdik ki, ölkəmiz Ermənistandan qat-qat üstündür. Onlar qitə birinciliyində 15-16, biz isə 5 cüdoçu ilə təmsil olunmuşduq. Bununla belə, biz ermənilərdən üstün olduq. Bu onu sübut etdi ki, 2012-ci ildə Londonda keçiriləcək olimpiya oyunları üçün böyük potensialımız var”.

Nazir İrəvanda qazanılan gümüş medalı da qızıla bərabər tutub: “Gümüş medalın da qızıl kimi dəyəri var. 55 kiloqramda çıxış edən İlqar Muşkiyev çempion ola bilərdi və buna layiq idi. Ancaq bəzi amillər buna imkan vermədi. Bizim məşqçilər həmişə idmançılara təmiz qələbə qazanmağı tövsiyə edirlər. Yəni, biz xal hesabına qalib gəlməyə elə də diqqət yetirmirik. Elnur Məmmədli Pekin Olimpiadasında, Elmar Qasımov Ermənistanda təmiz qələbə qazandılar”.

Ələkbərov vurğulayıb ki, Elmar Qasımov başda olmaqla, İrəvanda tarixi uğura imza atan cüdoçulara xüsusi mükafat nəzərdə tutulub: “Onlar mükafata layiqdirlər. Ermənistanda keçirilən Avropa çempionatında iştirak etmək siyasi bir qərar idi. Bu idmandır, hər şey ola bilərdi. Ölkə prezidenti İlham Əliyev idmançılarımızın cəsarətinə inandı. O, cüdoçularımızın gücünə arxayın idi. Onlara veriləcək mükafatları bu yaxınlarda biləcəksiniz. Bununla bağlı müvafiq qərar qəbul ediləcək”.