DÇ-də II gün: Hüseynov gümüş, Şərifov bürünc medalçı oldu
22.09.2009 - 22:15
DÇ-də II gün: Hüseynov gümüş, Şərifov bürünc medalçı oldu
Danimarkanın Herninq şəhərində güləş üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə 60, 84 və 120 kq çəki dərəcəsində yarışan pəhləbanlar qoşulacaq. Bu çəkilərin hər birində Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Püşkatmadan sonra həmvətənlərimizin rəqibləri bəlli olub.

60 kq
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Zəlimxan Hüseynovun rəqibi Vitali Koryakin olacaq (Tacikistan). Tacikistanlı rəqibini üstələyən Zəlimxan növbəti mərhələyə yüksəlib. Onun rəqibi erməni güləşçi Artur Arakelyan olub. Həmvətənimiz prinsipial qarşılaşmadan qələbə ilə ayrılaraq, 1/4 finala vəsiqə qazanıb. Burada isə Zəlimxan yapon Shoqo Maedanı üstələyib. Qazandığı bu qələbələr güləşçimizi yarımfinala çıxarıb. İdmançımız finala vəsiqə uğrunda özbəkistanlı Dilşad Mansurovla güləşib və 7:2 hesablı qələbə ilə finala çıxıb. O, qızıl medal qazanmaq üçün adlı-sanlı rus pəhləvan Besik Kuduxovla qarşılaşıb. İlk hissə Kuduxovun üstünlüyü ilə başa çatıb - 2:0. Daha təcrübəli rusiyalı güləşçi ikinci hissədə də həmyerlimizə xal verməyib - 4:0. Nəticədə Kuduxov qızıl, Hüseynov isə gümüş medal qazanıb.


84 kq
Şərif Şərifov mübarizəyə 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Aleksey İsayev (Belarus) olub. Şərifov bu görüşdə rəqibinin kürəyini yerə vurub. O, belaruslu idmançıdan üstün olub - 6:1. Həmvətənimiz 1/4 finalda Herbert Yakobla (ABŞ) üz-üzə gəlib. Amma tatamidən məğlub ayrılan Şərifov qızıl qazanmaq şansını itirib. Bununla belə, idmançımız təsəlliverici mərhələyə qatılıb və ilk cəhdində alman, ardınca türk rəqibini məğlub edib. Həmyerlimiz bürünc medal uğrunda görüşdə Abdusalam Gadisovla (Rusiya) güləşib. O, rəqibi üzərində parlaq qələbə qazanmaqla, dünya çempionatını üçüncü yerdə başa vurub.

120 kq
İdmançımız Əli İsayev növbəti mərhələyə yüksəlmək üçün 1/16 finalda Yonsi Sançesi (Venesuela) məğlub etməlidir. İlk görüşünü qələbə ilə başa vuran idmançımız növbəti mərhələyə çıxıb. Onun 1/8 finalda rəqibi Marid Mutalimov (Qazaxıstan) olub. İsayev bu dəfə də rəqibindən güclü olub. 3:0 hesablı qələbə qazanan güləşçimiz 1/4 finala yüksəlib ki, onun burada rəqibi ABŞ güləşçisi Tervel Dlagnev olub. Təəssüf ki, İsayev uduzaraq, finala çıxa bilməyib. Dlagnev isə növbəti görüşündə uduzduğundan, güləşçimiz təsəlliverici görüşlərə qayıla bilməyib.

Sabah isə 74 kq çəki dərəcəsində qaliblər bəlli olacaq.

Qeyd edək ki, dünya çempionatının ilk günündə 55, 66 və 96 kq çəkidə qaliblər bəlli olub. Mükafat qazananlar arasında finalda uduzan Xetaq Qazyumov (96) da var.
0