DÇ-də III gün: Stadnik qızıl, Çamsulvara gümüşlə qayıdır
23.09.2009 - 22:22
DÇ-də III gün: Stadnik qızıl, Çamsulvara gümüşlə qayıdır
Danimarkanın Herninq şəhərində start götürən dünya çempionatında bu gün kişi sərbəst güləşçilərin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının xəbərinə görə, yarışların üçüncü günündə milli komandamızın sonuncu üzvü tatami üzərinə çıxacaq. 74 kq çəki dərəcəsində Çamsulvara Çamsulvarayev güləşəcək.

Məlumat üçün bildirək ki, kişi sərbəst güləşçilərimiz indiyədək 3 medal qazanıblar. Finalda uduzan Xetaq Qazyumovla (96 kq), Zəlimxan Hüseynov (60 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünclə kifayətlənib. Əli İsayev (120 kq), Namiq Sevdimov (55 kq) və Cəbrayıl Həsənov (66 kq) fəxri kürsüyə yüksələ bilməyib.

Bu gün qadın güləşçilər də mükafatlar uğrunda qüvvəsini sınayacaqlar. Azərbaycan yığmasının heyətində Mariya Stadnik mükafatlar uğrunda yarışacaq. Sabah isə Sona Əhmədli (55), Yuliya Radkeviç (59 kq) və Olesya Zamula (63 kq) mübarizəyə başlayacaq. Sona Alena Filipova (Belarus), Yuliya braziliyalı Joise Silva, Olesiya isə Yaponiya təmsilçisi Mio Nişimaki ilə üz-üzə gələcək.

Digər güləşçilərimizdən Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanovanın (72 kq) rəqibləri hələlik bəlli deyil.


74 kq, kişilər
Dünya çempionatında uğurlu start götürən Camsulvara Camsulvarayev 1/16 finalda Yakub Kacenakı (Slovakiya) 9:0 hesabı məğlub edib. O, növbəti mərhələdə yunan Apostolos Taskoudusdan üstün olub. Pəhləvanımız 8:1 hesablı qələbə qazanaraq, mükafat qazanmaq şansını artırıb. Çamsulvara 1/4 finalda Aleksandr Burca (Moldova) ilə qüvvəsini sınayıb. Güləşçimiz moldovalı rəqibinin də kürəyini yerə vurub. 3:0 hesablı qələbə ilə yarımfinala çıxan pəhləvanımızı hindistanlı Rames Kumarla görüş gözləyir. Kumarı da məğlub edən (3:0) Çamsulvara finala yüksəlib. Onun rəqibi rusiyalı Denis Tsargus olub. Pəhləvanımız həlledici qarşılaşmanın ilk hissəsində ehtiyatsız davrandığından rəqibinə uduzub - 0:2. İkinci hissədə də rəqibinə uduzan Çamsulvara qızılı əldən verib. Onun qazandığı gümüş isə sərbəst güləş yığmamızın qazandığı 4-cü medal olub.

48 kq, qadınlar
Yığmamızın əsas qızıl medal ümidi Mariya Stadnik də mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynalı legionerimizin ilk cəhddə rəqibi Tatyana Nurnoviç (Belarus) olub. Rəqibinə bir xal belə verməyən Stadnik 6:0 hesablı qələbə ilə 1/8 finala çıxıb. Xanım güləşçi növbəti cəhddə Sara Sançeslə (İspaniya) üz-üzə gəlib. Bu dəfə də rəqibini xalsız (5:0) qoyan Mariya 1/4 finalda güləşmək hüququna yiyələnib. Onun rəqibi həmyerlisi, ukraynalı Lyudmila Baluşka olub. Stadnik çətinliklə olsa belə, həmyerlisini məğlub edərək qızıl medala bir az da yaxınlaşıb. O, finala çıxmaq üçün baldızı, Böyük Britaniyanı təmsil edən Yana Stadniki üstələməlidir.
Xatırladaq ki, ötən il Bakıda keçirilmiş Qran Pri turnirində Mariya baldızı üzərində qələbə qazanaraq, qızıl mükafata sahib çıxmışdı.
Bu dəfə də baldızına güzəştə getməyən Mariya parlaq qələbə (8:0) ilə finala çıxıb. O,qızıl medal uğrunda rus Larisa Qorzakla qarşılaşacaq.
Stadnik final görüşündən qələbə ilə (3:0) ayrılaraq, qızıl medala sahib çıxıb. Bu, Azərbaycan yığmasının qazandığı ilk qızıl olub.