“Onunla kinokluba gedəndə tanış olmuşuq, anamın da xoşuna gəldi” - MÜSAHİBƏ
21.12.2009 - 13:00
“Onunla kinokluba gedəndə tanış olmuşuq, anamın da xoşuna gəldi” - MÜSAHİBƏ
Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri, professor Ağacan Abiyevin lent.az saytına müsahibəsi

- Ağacan müəllimin böyüdüyü ailə necə bir ailə olub?
- Atam Qulam Əbi oğlu Sərabdan, anam Ərdəbilin Vilədəri kəndindəndir. Atam Bakıya 1918-ci ildə gəlib, əvvəlcə Balaxanıda, sonra Suraxanıda neft mədənlərində fəhlə işləyib. Suraxanıda işləyən vaxt bir əmisi oğlu tapılıb, o da fəhlə olub. Əmisi oğlunun evinin yanında, Bülbülədən Suraxanıya gedən yolda bir daxma tikib.

Anam deyir ki, balaca uşaq idim, hara getdiyimizi başa düşmürdüm. Vilədəridən Bakıya ayaqla gəliblər. Anamgil də Bakıda atamla qonşuluqda yaşayıblar. Atam bacısı ilə yaşayırmış. Bacısı deyib ki, evlən, 30 yaşın var. Qonşuluqda Ərdəbildən bir qız olduğunu söyləyib. 1929-cu ildə evləniblər.

Daha sonra Bülbüləyə köçüblər. Mən Bülbülədə anadan olmuşam, 4-cü uşağam. İndi də həmin evdə yaşayıram.

Atam 1925-ci ildən 1952-ci ilə qədər Suraxanıda işləyib, əvvəlcə neftçi fəhlə, sonra buruq ustası olub. 1952-ci ildə Lenin ordeni ilə mükafatlandırılıb. Anam da evdar qadın olub. Müharibə vaxtı cəbhədə olanda atam işləyən təşkilatda anam işləyib.

- 4 uşaq olmusunuz?
- Yox. Evdə 9 uşaq olmuşuq. 3 bacı, 6 qardaşıq. Qardaşım Əsgər fizikdır. Kiçik qardaşım Telman riyaziyyatı qurtarıb, Moskvada müdafiə edib. Politexnik İnstitutunda işləyib, hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasında işləyir. Digər qardaşımın adı Şamildir.

- Boksa maraq göstərməyiniz ailədə necə qarşılanırdı?
- Uşaqlıqdan boksla məşğul olmuşam. Atam mənim neft mühəndisi olmağımı istəyirdi. Böyük qardaşım da Azərbaycan Dövlət Universitetinə qəbul olmuşdu, 1-ci kursda oxuyurdu. Atama dedim ki, sənədlərimi Bədən Tərbiyəsi İnstitutuna vermək istəyirəm, boksçuyam, çempion olmuşam. O vaxt atam dedi ki, cavanlıqda idmanla 5-10 il məşğul olmaq mümkündür, həmişə idmançı olmayacaqsan. Atamın arzusu ilə Azərbaycan Neft-Kimya İnstitutuna neft-mədən fakültəsinə qəbul oldum. Bir semestr oxudum. Yaxşı qiymətlər, avtomatik zaçotlar aldım. Amma idmanda da artıq yaxşı nəticələr göstərirdim, gənclər arasında Azərbaycan çempionu olmuşdum. Ancaq yenə də Bədən Tərbiyəsi İnstitutuna getmək istəyirdim. Anama dedim ki, Neft-Kimya İnstitutunda oxumaq istəmirəm. Anam dedi ki, mənlik deyil, atanla danış. Sessiya vaxtı imtahanlara getmədim. Qardaşıma dedim ki, məni institutdan qovublar, müəllimlə mübahisə etmişəm, bu institutda oxumaq istəmirəm. Atam da imtahanların nə vaxt olduğunu bilmirdi. Həyətdə abadlıq işləri görməyə başladım. Bizim həyət qayalıqdır, torpaq gətirib gül əkirdim. Atam anamdan soruşur ki, nə olub, Ağacan yaman işləyir. Anam da gülür, deyir ki, institutu atıb, yəqin ona görə. Günahını yuyur.

1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna daxil oldum, 1960-cı ildə bitirdim. 1957-ci ildə Zaqafqaziya çempionu oldum, SSRİ idman ustası normasını yerinə yetirdim. İdman ustası olandan sonar Suraxanıda məşqçi işləməyə başladım. Tələbələrimdən Balasən Eynullayev 11 dəfə Azərbaycan çempionu olub. Həm özüm məşq edir, həm də uşaqlara məşq keçirdim.

1960-cı ildə Bədən Tərbiyəsi İnstitutunu qurtarandan sonra məni idman ustası olduğum üçün “Neftçi”də baş məşqçi qoydular. O zaman Azərbaycanda idman ustası 4-5 nəfər idi. Qardaşım Moskva Dövlət Universitetində oxuyurdu, ikinci kursdan atom fizikası ixtisası üzrə təhsil alırdı. Riqadan yarışdan gəlirdim. 2-3 gün qardaşımın yanında qaldım. Kitabxanaya, universitetin muzeyinə gedirdik, xarici tələbələr də çox idi. Bu qərara gəldim ki, mən də oxuyacağam. Onu da deyim ki, orta məktəbdə riyaziyyatı yaxşı oxumuşdum. Kiçik qardaşımı, bacımı da riyaziyyatdan mən hazırlaşdırırdım, misal və məsələlərini həll edirdim. Niyyətimi qardaşıma dedim, fizik olmaq istədiyimi bildirdim. Dedi ki, mənim də, sənin də fizik olmağın düz olmayacaq. Politexnik İnstitutunda ilk dəfə avtomatika və hesablayıcı texnika fakültəsi açılmışdı. Sənədlərimi verdim və dörd dənə “4” alaraq qəbul oldum. Birinci, ikinci, üçüncü semestrdə yalnız “5” aldım. Mən institutda oxuduğum illərdə bir dəfə “4” almadım. Bizim institutda bir Lenin təqaüdü vardı. Mən 4-cü kursa keçəndə Lenin təqaüdünü mənə verdilər.

Bir gün institutun rektoru çağırdı ki, bir təklifim var, istəyirəm ki, səni Moskvaya aspiranturaya göndərim. Atamdan soruşdum, dəstəklədi. Atam dedi ki, nə qədər sağam, oxuyun.

- Yeri gəlmişkən, həyat yoldaşınızla həyatınızın hansı dövründə rastlaşmısınız?
- Atası Gəncədəndir, təyyarəçi olub, Moskva ətrafında yaşayıblar. 1960-cı ildə Bakıya qayıdıblar. Qonşu olduğumuz üçün bir-birimizi görürdük, ancaq tanımırdım. Bir dəfə kinokluba gedəndə tanış olmuşuq. Anamın da xoşuna gəldi. 1963-cü evləndirdilər...

1967-ci ildə Moskvaya getdim, bütün imtahanlardan “5” alıb, aspiranturaya qəbul oldum. İqor Mixayloviç Pavlov metalların təzyiq altında emalı kafedrasının müdiri idi. O, mənə “5” vermişdi. Mənə dedilər ki, o, indiyə qədər heç kimə beş verməyib. Riyaziyyatı bilmək insanın qapısını hər yerdə açır. Mən də riyaziyyatı yaxşı bilirdim. Orada mənə rəhbər verdilər. Yuri Dimitriyeviç Jeleznov çavan professor idi, hərtərəfli inkişaf etmiş bir insan idi. Məni çağırdı, tanış oldum. Sabahı gün iclas oldu. İqor Mixayloviçin təklifiylə məni həmin kafedrada aspirantların qrup rəhbəri seçdilər. Metal təbəqənin qalınlığının tənzim olunması ilə bağlı referatım yüksək dəyərləndirildi. Beləliklə, 2,5 ilə mən Moskvada müdafiə etdim. Elmi Şuranın 18 üzvünün hamısı mənə səs vermişdi.

Müdafiədən sonra gördüm ki, məni buraxmaq istəmirlər. Məni Lipetsk Politexnik İnstitutuna göndərdilər. Orada təzə kafedra açılmışdı. Məsləhətləşmək üçün Bakıya gəldim. Atam getməyimi məsləhət gördü. 1971-ci yanvarında getdim. İki dəfə 5 il kafedra müdiri oldum.

- Boks yarışlarına necə, çıxırdınızmı?
- Mən Bakıda 1958, 1961, 1962, 1963, 1964, 1965 və 1966-cı illərdə Azərbaycan çempionu olmuşam, beynəlxalq yarışlarda iştirak etmişəm. Almaniya, Finlandiya, Litva, Latviya, Özbəkistan və başqa ölkələrin təmsilçiləri bu yarışlara qatılırdılar.

1972-ci ildə mən Lipetskdə olanda yerli federasiyadan 2-3 nəfər gəldi. Məni yarışlarda hakim kimi iştirak etməyə dəvət etdilər. Məni ittifaq səviyyəli yarışlarda hakim kimi iştrak etməyə çağırdılar. 1978-ci ildə ümumittifaq dərəcəli, 1982-ci ildə beynəlxalq dərəcəli hakim oldum.

- Yəni idman həyatından ayrılmamışdınız?
- Yox. Mənim idmandan ayrılmağım cəmi 5 il olub. Aspiranturada oxuyanda idmandan ayrılmışam. 1972-ci ildən hakimliyə başladım. Sonra 60 yaşım oldu, hakimliyi dayandırdım. Həm də işlər çox idi.

- Lipetskdən nə vaxt Bakıya qayıtdınız?
- 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “elektronika və elektrotexnika” kafedrasının müdiri seçildim. 1987-ci ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda rektor seçkisində iştirak etdim və yekdilliklə rektor seçildim.

- Azərbaycanda Boks Federasiyasına rəhbərlik etdiyiniz dövrü necə xarakterizə etmək olar?
- 1984-cü ildə Rusiyadan Bakıya qayıdan zaman Boks Assosiasiyasının prezidenti “Aeroflot”un sədri idi. Məni tanıyırdı. Görüşdük, iclas keçirdi, məni də ora dəvət etdi. Dedi ki, Ağacan müəllim gəlib, indi sizin prezident Ağacan müəllim olacaq, mən istefaya çıxıram. Mən o vaxt SSRİ Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Hakimlər Komitəsinin sədr müavini idim. “Aeroflot”un sədri mənə də dedi ki, işim çoxdur, vaxt çatdıra bilmirəm. O vaxt Azərbaycanda boks çox zəif idi. SSRİ çempionatında 10-11-ci yeri tuturduq. Mən gələndə Azərbaycan çempionatında 33 nəfər iştirak edirdi. Yavaş-yavaş köhnə idmançıları çağırdıq, məşqlər keçirilməyə başlanıldı. 1991-ci ildə Türkiyə boksçularını Bakıya dəvət etdik. Gəldilər, 2 yoldaşlıq görüşü keçirdik. O görüşlərdə Rövşən Hüseynovun istedadı üzə çıxdı. Rövşənin 16 yaşı vardı, gözəl boks göstərdi. 2-3 ildən sonra gənclər arasında Avropa çempionu oldu. 1992-ci ildə Edinburq şəhərində gənclər arasında ilk Avropa çempionumuz oldu. 1993-cü ildə kişilər arasında Rövşən Hüseynov Avropa çempionu oldu. 1994-cü ildə Tailandda dünya kubokunda Rövşən çempion, Əli İsmayılov üçüncü oldu.

Hansı idman növü olursa olsun, uşaqlardan başlamaq lazımdır. 1999-cu ildə Bakıda artıq Avropa çempionatı keçirildi. Bu dəfə komanda Avropa ikincisi oldu. 2001-ci ildə dünyada ikinci olduq. Həmin yeniyetmələr böyüdü. Hər bir prosesin qalxma, enmə dövrü var. 2007-ci ildən sonra bizim boksda da enmə dövrü başladı. Buna baxmayaraq, biz olimpiya oyunlarında medalımızı götürdük, İmranov Şahin üçüncü yer tutdu. Gənclərimiz bu ll Avropa çempionatında ikinci oldu. Hesab edirəm ki, gənclər gələcəkdə yenə də boksumuzun səviyyəsini qaldıracaqlar.

Enmə prosesində hamının səhvi var. Mənim də, məşqçilərin də səhvi var. O vaxt bir-birindən yaxşı iki komandamız vardı. Amerikanı da udduq, dünya kubokunda üçüncü yeri tutduq. Bu da eyforiya yaratdı. Elə bildik ki, həmişə belə olacaq. Ona görə də ehtiyatda həmişə gənclər olmalıdır. Gərək yığma komandada 24-25 yaşlı iki idmançıya əvəz olaraq 18-19 yaşında idmançılar olsun, onlar gedəndən sonra gənclər yerini tutsun. Bunu o vaxt edə bilmədik. Ona görə də 2007-2008-ci ildə kişilər arasında yarışlarda nəticələrimiz zəiflədi.

Hesab edirəm ki, 2011-2012-ci illər bizim boksda yüksəliş illəri olacaq. Federasiyanın prezidenti Kəmaləddin Heydərov da boksçulara çox böyük qayğı göstərir. Kəmaləddin müəllim idmançılara yaxşı şərait yaradıb. Həm Federasiyadan, həm nazirlikdən, həm Milli Olimpiya Komitəsindən bu cür dəstək olandan sonra uğur da olacaq.

- Ən böyük arzunuzu bilmək maraqlı olardı.
- Boks üzrə gənclər, kişilər arasında Avropa, dünya çempionumuz var. Kişilər arasında olimpiya çempionumuz yoxdur. Arzum odur ki, kişilər arasında boks üzrə bir olimpiya çempionumuz olsun. Bu arzunu yerinə yetirmək üçün dəstəyimiz də böyükdür...

- Ailə həyatınız haqqında danışanda iki qızınız olduğunu dediniz.
- Bəli. Böyük qızımın iki oğlu var. Digər qızımın bir qızı var.

- Nəvələrinizdən sizə bənzəri varmı?
- Nəvələrimdən birinin adı Ağacandır. Yaxşı oxuyurlar. Böyük nəvəm Cavidin 20 yaşı var, Türkiyədə ingilis dilində oxuyur. Əlaçıdır, kredit sistemində təhsil alır, imtahanları vaxtından tez verir, evə gəlir. ABŞ, ya da İngiltərəyə getməyə hazırlaşır.

Ağacan isə 8-ci sinfə keçib. 8-ci sinfə qədər elə-belə oxuyurdu, indi girişib. Mənə oxşayır, mən də 7-ci sinfə qədər elə olmuşam. 8-ci sinifdən əlaçı olmuşam.

- Aralarında idmanı davam etdirən varmı?
- Nəvələrimdən yox. Bizim ailədə qardaşımın oğlu Ceyhun Abiyev boks üzrə 10 qat Azərbaycan çempionudur, dünyada 5-ci olub. Ceyhunun atası, kiçik qardaşım Şamil də Azərbaycanda gənclər arasında çempion olub. Sonra əsgərliyə getdi, məşğul olmadı. O da Politexnik İnstitutunu bitirib.

- Ağacan müəllim, yaxşı əl qabiliyyətiniz olduğu, rəsm əsərləri çəkdiyinizi də söyləyirlər. Rəssamlığa marağınız nədən qaynaqlanıb?
- Mən hələ məktəbdə oxuyarkən rəngli karandaşla peyzaj çəkərdim. Rusiyada işləyərkən bir neçə şəkil akvarellə çəkmişəm. Son illər isə 4-5 şəkli yağlı boya ilə çəkmişəm. Bu şəkillər də buradadır. Siz onları görürsünüz. Bu, əsl xobbidir. Bu gün boş vaxt tapan kimi rəsmlə məşğul oluram və həm də dincəlirəm.
0