“Böyük dəbilqə” turnirində 7 azərbaycanlı
30.01.2010 - 13:57
“Böyük dəbilqə” turnirində 7 azərbaycanlı
Azərbaycan cüdoçuları fevralın 6-da Parisdə start götürəcək “Böyük dəbilqə” turnirində iştirak edəcəklər. Apasport.az saytının xəbərinə görə, yarışa Azərbaycan yığmasının heyətində Sərxan Əhmədov, Tərlan Kərimov (hər ikisi 66 kq), Ramin Qurbanov, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), habelə Ramilə Yusubova (63 kq) qatılacaq.

Yarışda 50-dək ölkədən 400 idmançı iştirak edəcək. Yeni sistemə əsasən “Böyük dəbilqə”nin bütün turnirlərinin, Qran-pri və Dünya kuboku yarışlarının, “Masters” turnirinin, habelə dördillik silsilə çərçivəsində keçirilən qitə və dünya çempionatlarının nəticələri Olimpiya reytinqində nəzərə alınır.

Turnir başa çatandan sonra idmançılarımız Parisdə təlim-məşq toplanışları keçirəcək. Olimpiya çempionu Elnur Məmmədli də onlara qoşulacaq. Azərbaycan komandasını Parisdə baş məşqçi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanov müşayiət edəcək.

AzərTac
0