Elnur Məmmədli: Getməyəndə də deyirlər ki, “yekəbaş”dır
31.01.2010 - 14:59
Elnur Məmmədli: Getməyəndə də deyirlər ki, “yekəbaş”dır
Cüdo üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədlinin Lent.az-a müsahibəsi

- Hazırda nə işlə məşğul olursunuz?
- Təqribən iki ay öncə məşqlərə başlamışam. Səhər-axşam məşq edirəm. Eyni zamanda, zədələrimin sağaldılması ilə məşğulam. Sağ dizimin menisk bağları qırılmışdı, eləcə də diz qapağımda problemlər var idi. Bununla bağlı üç dəfə əməliyyat olunmuşam. Hazırda özümü orta hazırlıq səviyyəsində hiss edirəm. Yaxın vaxtlarda yığma ilə birgə təlim-məşq toplantılarına qoşulacağam. Toplanış müddətində formaya düşəcəyimə ümid edirəm.

- Yığma komandanın baş məşqçisi Ağayar Axundzadə nə vaxt yarışlara qatıla biləcəyinizi deyir?
- Hələ Ağayar müəllim mənimlə bu barədə danışmayıb. Özüm də onun komandasını gözləyirəm ki, yarışlara qatılım. Məni əməliyyat edən almaniyalı həkim hələlik tatamiyə çıxmağıma və artıq yüklənməyimə icazə vermir. Onunla müntəzəm əlaqə saxlayır, görüşürük. Bu yaxınlarda özü də Bakıya gəlmişdi. Ayağıma baxdı. Ola bilsin, bu yaxınlarda Almaniyaya səfər edəcəyəm. Həkim bir daha məni nəzərdən keçirərək, diaqnoz qoyacaq.

- 73 kq çəki dərəcəsində olimpiya çempionu olmusunuz. Amma yeni olimpiya tsiklində yarışlara 81 kq çəkidə hazırlaşacaqsınız. Bu zaman ciddi rəqabətlə üzləşə bilərsiniz...
- Hər bir çəkidə ciddi rəqabət var. Çalışacağıq ki, yenidən Azərbaycan bayrağını yüksəldək. Bunun üçün əlimizdən gələni edirik. Bircə zədələr imkan versə... Bilmək olmur, ciddi hazırlaşdığın vaxt zədələnərək, 6 ay, 1 il müddətinə sıradan çıxırsan. Yəni, zədələrdən heç kim sığortalanmayıb. 2008-ci Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra əməliyyat olunmamışdım. Deyirdim ki, “Mən beləyəm, güclüyəm”. Allah eləməsin, sabah bəlkə başqa zədə ilə üzləşdim. Olur da... Böyük idmanda zədə tum çırtlamaq kimi bir şeydir.

- Yeri gəlmişkən, Pekin olimpiadasından sonra heç bir yarışda iştirak etməmisiniz. Bu, Sizə necə təsir edib?
- Əlbəttə, idman üçün darıxmışam. Mən idmansız qala bilmirəm. 2009-cu ildən yarışlara qatılmağı planlaşdırmışdım. Mayın sonlarında Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplantısı olmalı, oradan da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Dünya Kubokuna yollanmalı idik. Amma zədələndim və Buxarest səfərinə bir gün qalmış biletimi dəyişdirməli oldular. Pekin olimpiadasından öncə də Fransa, Almaniya, Yaponiyada təlim-məşq toplantılarında olmuşdum. Onların heç birində zədələnməmişdim. Amma ötən il Moskvadakı hazırlıq prosesi zamanı zədələndim.

- Uzun müddət yarışlardan kənarda qalmağınız heç də birmənalı qarşılanmayıb. Sizin olimpiadadan sonra uduzmaqdan çəkindiyiniz üçün hər hansı turnirə qatılmaq istəmədiyinizi iddia edənlər də var. Onlar artıq maddi cəhətdən hər şeyi özünüzə təmin etdiyinizi, “ulduz xəstəliyi”nə tutulduğunuzu və növbəti yarışlara həvəslə yanaşmadığınızı bildirirlər...
- Camaatın sözlərinə qulaq assaq, gərək evdən bayıra çıxmayaq. Adamdılar da, boş-bekar otururlar çayxanalarda... Müəyyən adamlar zəng vurub deyirlər, guya Elnur aşıb-olüb. Biri deyir, “salamatdır”. Yəni, boş-boş danışırlar da... Bu, idmandır. İdmanda adam udar da, uduzar da. Udanda yaxşıyıq, uduzanda pis? 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurov 2008-ci il Pekin olimpiadasında, 2009-cu il Avropa çempionatında uduzanda hamı ondan əlini üzmüşdü. Deyirdilər ki, Fərid “ulduz xəstəsi”dir, nə bilim, nə xəstəsidir. Amma 2009-cu ildə dünya çempionu oldu. İndi hamı deyir ki, Fərid qardaşdır. Mansurovun özünün də zədəsi var idi. O danışanlar da bilirsiniz kimdir? Həyatda özünə yer tapmayanlar, özünü tanımayanlar o sözləri deyirlər. Bir azərbaycanlı kimi 2008-ci ildə xalqımızı sevindirdim. 2000-ci və 2004-cü il olimpiadalarında da digər idmançılarımız ölkəmizə medallar qazandırdılar. Əlbəttə, idmanda heç kim deyə bilməz ki, mən belə edərəm. Eləmək olar, amma sadəcə, zədə imkan versə. Axı necə edəsən ki, zədələnməyəsən? Hazırlaşırsan-hazırlaşırsan, yüksək səviyyəyə çatdığın vaxt birdən-birə ayağın qırılır. Ona görə də yarışlara qatıla bilmirsən. Can şirin şeydir də... Bir var ki, kefindən evində oturasan, bir də var ki, zədə aldığın üçün. Camaat bizim yükləndiyimiz məşqləri görmür. Gəlsinlər, bir gün bizim kimi ştanq qaldırsınlar. İkinci gün deyəcəklər ki, “Rədd olsun bu. Ondansa gedim çayxanada çayımı içim, nərdimi atım”. Ona görə də belə söhbətlərə əhəmiyyət vermək lazım deyil.

- Bir müddət öncə Ağayar Axundzadə də belə düşünənlərə “Onlar istəyirlər ki, Elnur Məmmədli uduzsun, biabır olsun” deyə cavab vermişdi...
- Əlbəttə, onlar bunu istəyirlər. Bilirsiniz necədir? Cənab prezident İlham Əliyevin idmançılara böyük simpatiyası, hörməti var. Onu bizim sevindirdiyimiz qədər heç kim sevindirməyib. Bunu gözəl bilirsiniz. Bir də Allahın köməkliyi ilə Qarabağı alandan sonra o, bu cür sevinə bilər. Özünüz də şahidi oldunuz ki, 2008-ci ildə mən olimpiya çempionu olanda cənab prezidentimizin sevincinin həddi-hüdudu yox idi. İndi bizdə var da... Bizdə elə adamlar var ki, deyirlər: “Ay Elnur belə oldu, elə oldu”. Gözdən salmaq üçün... İdmanda adam udar da, uduzar da. Təki həyatda uduzmayaq. Mənliyimizi, dinimizi qoruyaq, bu mənada uduzmayaq. Qalan şeylər, Allahın köməkliyi ilə öz axarı ilə gələcək. Axar su yenə axacaq. İnşallah, sözümüzü yenə deyəcəyik.

- Amma etiraf edək ki, olimpiya çempionluğu həyatınızı tam dəyişdi...
- Baxır nə mənada.

- İstər maddi, istərsə də məşhurluq baxımından...
- Bunlar təbiidir. Biz olimpiya çempionu olmaq üçün nə yollardan keçmişik... Nə qədər ayaq üstə qalmışıq. Adamı infarkt vura bilərdi. Bunu Allah bilir, bir də şəxsi məşqçilərimiz. Qıraqda durub, “filankəs olimpiya çempionu oldu” demək asandır. Onların “oldu” sözünü deməsi üçün biz, o qədər yarışlara getmişik, o qədər təlim-məşq toplantılarına qatılmışıq, ac-susuz günlərimiz olub, yol pulu olmadan qalmışıq, yeri gəlsə, evdə yeməyə çörək tapmamışıq. Mən 8 yaşımdan idmana getməyə başlamışam. İndi qohum-qonşu məni görəndə “sənin özündən böyük idman çantan var idi. Halal olsun” deyirlər. Mən Bakıxanov qəsəbəsindəki Respublika Olimpiya İdman Litseyində məşq etmişəm. 28 may metrosu yaxınlığından Bakıxanov qəsəbəsinə piyada getmişəm. İstər qarında, istər də qışında... Onları yada salanda, deyirsən ki, doğrudan da olimpiya çempionu olmaq üçün əziyyət çəkmişəm. Elə adam varmı ki, yatsın-yatsın, sonra da döşək üzərinə çıxıb, olimpiya çempionu olsun? Bu, mümkün deyil. Olimpiya çempionluğu üçün ən azı 12-13 il məşq etməlisən. Mən olimpiya çempionu olanadək 2 dəfə - 2005-ci və 2007-ci ildə dizimdən əməliyyat olunmuşam. Sonra da 2009-cu ildə. İndi də bel disklərimdə yırtıq var. O da ağrıyır. Nə bilim e... Bu, idmandır da... Böyük idman həm də böyük zədələr, problemlər deməkdir. Ona görə də boş söhbətdir, deyirlər ki... Camaat 3 kq arıqlaya bilmir, mən olimpiada öncəsi 15 kq çəki saldım. Bununla heç kimə minnət qoymuram. Demirəm ki, mən bunu etməməli idim. Etməli idim və etdim də. Çünki bu, mənim sənətim, işimdir. Sadəcə, kim istər ki, uduzsun? Sizin özünüzü götürək, istəməzsiniz ki, vəzifəniz artsın, maddi vəziyyətiniz yaxşı olsun? Həmçinin də biz. Biz də istəyirik ki, idmanla məşğul olmağımızın qarşılığını görək. Sağ olsun cənab prezidentimiz. Bizə diqqət və qayğı göstərir. Prezident təqaüdü ayırıb, Heydər Əliyev Fondundan mükafat aldıq. Bizi işlə təmin etdi. Ondan çox razıyıq. Allah canını sağ eləsin. Bizim əziyyətimizi itirmirlər. Ağacı əkib-becərirsən, meyvəsi yetişir, onu yeyəndə adama ləzzət edir. Eləcə də biz. Əziyyət çəkmişik, dövlət də nailiyyətimizi dəyərləndirir. Mən də çıxışlarımda gənc nəslə dəfələrlə demişəm ki, vaxtınızı çayxanalarda keçirib, narkoman olanadək, AİDS xəstəliyinə tutulanadək idmanla məşğul olun. Görün, regionlarda nə qədər olimpiya kompleksləri açılıb. Bunların hamısı biz gənclər üçündür.

- Konkret, olimpiya çempionu olduqdan sonra maddi baxımdan nələri əldə etmisiniz?
- Əvvəllər sovet maşını sürürdüm. İndi isə “inomarka” idarə edirəm. Cənab prezidentin şəxsən hədiyyə etdiyi “BMW X5” markalı avtomobil sürürəm. Bu maşın çürüyənədək məndə qalacaq. Çünki onu ölkə başçısı verib. Şəhərdə bütün ailə üzvlərimlə birgə 1 otaqlı mənzildə qalırdıq. 2006-cı ildə Avropa çempionu olduqdan sonra cənab prezident mənə ev vermişdi. Oranı təmir elətdirmişəm, hazırda ailə üzvlərimlə birgə orada qalıram. Olimpiadadan sonra isə mənə Azərbaycan Dövlət Tibb Universitetinin yaxınlığında da mənzil verilib. İndi o mənzildə təmir işləri gedir. Hazır olduqdan sonra ora köçəcəyik.

- Artıq ailə qurmağa da hazırlaşırsınız...
- Bəli, belə bir fikrimiz var. Konkret tarixini hələ dəqiqləşdirməmişik. Sağlıq olsun. Allah qoysa, bu il toy məclisi keçirmək istəyirik. Valideynlərimizlə məsləhətləşdirdikdən sonra qərar verəcəyik. Bu da çempionluq deyil ki, gedim təkbətək hər şeyi həll edim (gülür). Valideynlərin də razılığı olmalıdır.

- Eyni zamanda, polis sistemində işə də düzəlmisiniz...
- Bəli. Olimpiadaya getməmişdən öncə Daxili Qoşunların əsgəri idim. Qayıtdıqdan sonra daxili işlər naziri Ramil Usubov məni şəxsən qəbul etdi, leytenant rütbəsi verdi. Hazırda Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin kamera müşahidəsi şöbəsində baş müfəttiş kimi çalışıram. Buna görə cənab nazirimizə də minnətdaram.

- Şəhərdə yol-hərəkət qaydaları pozuntusu çox olur?
- Yalan deyərəm. Sağ olsunlar, səhər-axşam məşq etdiyim üçün Gənclər və İdman Nazirliyinin müraciəti əsasında mənə işdən icazə veriblər. İşə nadir hallarda gedirəm. Kamera ilə müşahidə apardıqda sürücülər arasında özlərini yaxşı aparanların da, pis aparanların da olduğunu görmək mümkündür. 90-95 faizi özlərini yaxşı aparır. Kimin yol-hərəkət qaydasını pozduğu müəyyənləşsə, çağırıb cərimələyirlər.

- Bəs Siz özünüz necə, yol-hərəkət qaydalarına əməl edirsiniz?
- Hamı necə avtomobilini sakit tərzdə idarə edirsə, mən də elə. Mən özüm camaata nümunə olmalıyam ki, “Elnur Məmmədli yolu qırmızı işıqda keçdi, kobud oldu” deməsinlər. İndiyədək 90-95 faiz halda qırmızı işığı keçməmişəm. Bəlkə hansısa tədbirə tələsəndə olub. Amma xatırlamıram. İçki içmirəm ki, sərxoş halda sükan arxasında oturum. Qanun hamı üçün qanundur. Biz elə sürməliyik ki, hamı baxıb nümunə götürsün.

- Olimpiya çempionu olduqdan sonra Sizi şou xarakterli tədbirlərdə çox görürdük. Belə tədbirlərə qatılmağa özünüzdə də meyl var idi?
- Mən özüm musiqi dinləməyi xoşlayıram. Çünki idmanla incəsənət bir-birilərinə yaxındırlar. Rafael, Coşqun və Müşfiq çox xoşuma gəldikləri və dostlarım olduqları üçün “Bu şəhərdə”nin konsertinə getmişəm. Eləcə də “Planet parni iz Baku”nun konsertinə. Çox maraqlı hazırlayırlar. Olur ki, dost-tanış dəvət edir, qəlblərini qırmamaq üçün gedirik. Belə tədbirlərə gedəndə başqa cür qəbul edənlər də olur. Getməyəndə də deyirlər ki, “yekəbaş”dır. Elə etmək lazımdır ki, nə şiş yansın, nə kabab. İnciməsinlər. Lakin hazırda təlim-məşq toplantılarındayam. Çağırsalar, deyirəm ki, bağışlayın, məşqlərdəyəm.

- Amma digər olimpiya çempionumuz Fərid Mansurov özünün də belə tədbirlərə dəvət aldığını, amma mənfi cavablandırdığını söyləyib. Eləcə də baş məşqçiniz Ağayar Axundzadə Sizə şou-tədbirlərə getməməyi məsləhət gördüyünü açıqlayıb...
- Fərid də, Ağayar müəllim də özlərinə görə cavabdehdirlər. Mən də həmçinin. Şəxsi işləri olduğu üçün getmirlər, əcəb edirlər. Ancaq mən gedirəm. Bir də ki, mən adlı-sanlı jurnallar üçün çəkilmişəm. Bozbaş jurnallara çəkilməmişəm ki...