Elxan Məmmədov: Federasiyada maliyyə problemi var - MÜSAHİBƏ
03.02.2010 - 13:21
Elxan Məmmədov: Federasiyada maliyyə problemi var - MÜSAHİBƏ
Azərbaycan cüdo yığmasının üzvü Elxan Məmmədovun müsahibəsi

- Elxan, işlər necə gedir?
- Bizim indiki əsas vəzifəmiz hazırlıqlı olmaqdır. İnşallah, bu yaxınlarda təlim-məşq toplanışı keçmək məqsədilə Fransanın paytaxtı Parisə yola düşəcəyik.

- Parisdə hər hansı bir beynəlxalq turnirə qatılmağınız nəzərdə tutulub?
- Bu, baş məşqçi Ağayar Axundzadənin qərarından asılıdır. Onun göstərişi ilə hərəkət edəcəyik. Səfərə aparılacaq heyətə daxil edilsəm də, tam hazır deyiləm. Bir müddətdir ki, qripdən əziyyət çəkirəm.

- Amma bir neçə gün öncə Koreyada keçirilən "Böyük Dəbilqə" turnirinə qatıldın. Mükafatçılar sırasına düşə bilməməyin nə ilə bağlıdır?
- Yapon cüdoçusuna uduzdum. O, çox təcrübəlidir. Həm də cüdo qaydalarına əlavə və dəyişikliklər edilib. İndi əllə ayağa birbaşa fənd etmək olmaz. Yeni qaydalara uyğunlaşmaq üçün zamana ehtiyac var. Fransa səfərimiz də bir növ yeni qaydalara uyğunlaşmağa hesablanıb. Oraya əksər ölkələrin yığmaları gələcək. Keçirilən məşğələlər zamanı yeni üsullarla tanış olacağıq.

- Maraqlıdır, "Böyük Dəbilqə" turnirində qalib gəlsəydin, nə qədər qazanacaqdın?
- Səfər xərclərini Azərbaycan Cüdo Federasiyası ödəmişdi. Mən heç bir xərc çəkməmişdim. Qalib gələcəyim halda, 6 min dollar qazanacaqdım. Amma bunu bacarmadım və heç bir şey qazanmadım.

- Koreyada uğursuzluğa düçar olduqdan sonra baş məşqçi Ağayar Axundzadə ilə söhbətləşmisən?
- Bu, sadəcə bir yarışdır. Ağayar müəllim özü də yaxşı bilir ki, yeni qayda- qanunlara öyrəşmək üçün vaxt lazımdır.

- Son zamanlar Cüdo Federasiyasında maliyyə problemi olduğu söylənilir. Siz idmançılar bunu hiss edirsiniz?
- Müəyyən çətinliklər var. Amma bu məsələlər barədə şərh vermək istəmirəm. Bu işlərlə adətən, komandamızın baş məşqçisi məşğul olur.

- Əgər federasiyada maliyyə problemi varsa, deməli, maaşlarınızı çətinliklə alarsınız. Elədir?
- Yox, maaşla bağlı çətinliyimiz yoxdur. Bizim istəyimiz yarışlara tez-tez qatılmaq, mümkün qədər çox qələbə qazanıb reytinq xalı toplamaqdır.

- Bildiyimə görə, Avropa çempionatının bürünc medalını qazandığına görə vəd olunan mükafatı hələ də ala bilməmisən...
- Verəcəklər. Bir müddət öncə federasiyaya baş çəkdik, dedilər ki, verəcəyik. Sadəcə, bir qədər maliyyə problemi var.

- Deməli, 7-8 ay bundan öncə keçirilən yarışın mükafatını hələ də almamısan...
- Almamışam.

- Maliyyə problemi idmançıların işlərinə yanaşmasına mənfi təsir göstərir?
- Kollektivdə ruh düşkünlüyü yoxdur. Gərək güləşmək üçün hər zaman hazır olaq. Bu gün maliyyə çətinliyi mövcuddursa, sabah hər şey qaydasına düşəcək.

- Komandamız Avropa və dünya çempionatlarında həmişə fərqlənib. Nədənsə son 1 ildə nəticələrimiz xeyli zəifləyib. Məncə, sonuncu Avropa və dünya çempionatındakı nəticələrimiz vəziyyətimizin heç də yaxşı olmadığını göstərir. Zəif çıxışın kökündə nə dayanır?
- Yığma komandamızda gəncləşmə gedir. Vaxtilə sözünü demiş idmançılar idmandan uzaqlaşıblar. Elçin İsmayılov və Mehman Əzizov müəyyən problemlər ucbatından artıq bizimlə deyillər. Elnur Məmmədli və Kifayət Qasımova isə zədədən əziyyət çəkirlər. Bütün bunlar komandada köklü problemlərin yaranmasına səbəb olub.
Yaxın gələcəkdə Kifayətlə Elnur qayıdacaq. Gənclərin gəlişi bizə əlavə güc verəcək. İnanıram ki, yaxın gələcəkdə problemi həll edəcəyik.

- Mehman Əzizov Azərbaycan cüdosunun əfsanələrindəndir. Onun yeri görsənir?
- Mövlud, Elçin, Mehman hər zaman bizə öz məsləhətlərin veriblər. Mehmanın yeri boşdur. Elxan Rəcəbli və Elnur Məmmədlini unutmaq olmaz. Yəqin ki, Mehmanın yoxluğunu yaddan çıxarmağımıza kömək edəcəklər.

- Elnur Məmmədli son 2 ildə güləşməyib. Səncə, karyerasını bərpa etmək qərarına gəlsə, çətinliklə üzləşməyəcək?
- Vallah, cüdoçu üçün hər zaman çətindir. Cüdo elə bir idman növüdür ki, gərək tatami üzərinə çıxmağa hər zaman hazır olasan. Məmmədli ötən ilin payızında keçirilmiş dünya çempionatına qatılmaq niyyətində idi. Məşqlərin birində ciddi zədələndiyinə görə heyətə düşmədi. Zədəli olmasaydı, Elnur güləşib, sözünü deyəcəkdi.

- Hazırda Elnurla birgə məşq edirsən. Olimpiya çempionu olduqdan sonra onun xasiyyətində hər hansı dəyişiklik hiss olunur?
- Elnur artıq 2 aydan çoxdur ki, bizimlə birgə məşq edir. Gündə iki dəfə olmaqla hazırlaşırıq. Onun kollektivə münasibəti dəyişməyib, həminki Elnurdur. Gərgin rejimdə çalışır. İnşallah, bizimlə birgə Fransaya gedəcək və orada da məşqlərini davam etdirəcək. Qarşıdakı dünya çempionatına qədər tam formaya düşər (Dünya çempionatı avqust ayında Yaponiyada təşkil olunacaq. Bu turnir olimpiadaya lisenziya xalları verəcək. Lisenziya xarakterli turnirlər bu ilin aprel ayında Avropa çempionatından başlanacaq).

- Səncə, digər zədəli Kifayət Qasımovaya hələ çox ehtiyacımız var?
- Əlbəttə. Kifayət Qasımovaya ehtiyacımız çoxdur. Necə deyərlər, bir dənə qızımız var. Ondan başqası yoxdur.

- Ramilə Yusubovanı niyə yaddan çıxarırsan?
- Heç kim yaddan çıxmır. Ramilə də yığmaya cəlb olunur. Hələlik müəyyən şeylərə hazır deyil. Onun mübarizə apardığı 63 kiloqram çəki dərəcəsində güclü idmançılar çoxdur. Nailiyyət qazanmaq üçün intensiv məşqlər etməlidir.

- Bir cüdoçu öz idman keyfiyyətini necə artıra bilər?
- Ayrı-ayrı yığma komandalarla birgə təlim-məşq toplanışında olmaq idmançıya bacarığını artırmaq imkanı verir. özündən güclü idmançılarla məşq edəndə yeni-yeni terminlər öyrənə bilirsən. Zəiflərlə güləşməyin heç bir xeyri yoxdur.

- Sənin Avropa çempionatında, Dünya Kuboku yarışlarında medalların var. Daha hansı məqsədlər uğrunda yarışmaq niyyətindəsən?
- Pekində olimpiya medalı qazanmaq imkanım vardı. Qismət olmadı, o gün mənim günüm deyildi. Əlbəttə ki, olimpiya medalının idmançının həyatında xüsusi yeri var. Londonda medal qazanmaq arzusundayam. İnşallah, tam qüvvəmi ortaya qoyub, planetin ən güclü yarışında Azərbaycanın bayrağını dalğalandıracağam.

- Görürəm ki, idmana çox bağlı adamsan. Bu aralarda ailə həyatı qurmaq istəyin yoxdur?
- 28 yaşım var. Məncə, yaş artıqca təcrübə də artır. Mövlud Mirəliyevi özüm üçün nümunə götürürəm. 35 yaşında olimpiadada medal qazandı. Hələ ki, bütün diqqətimi məşqlərə yönəltmişəm. Axtaraq, tapanda, inşallah, evlənərik. İdmançı üçün ailə həyatı qurmaq çətindir.

- Maraqlıdır, qadın idmançı ilə evlənəcəksən?
- Yox. Qadın idmançı ilə ailə həyatı qurmaram. Xasiyyətimiz tutmaz.

- Maraqlıdır, karyeranı nə vaxt bitirəcəksən?
- Bu, məndən asılı deyil. Hazırda bədənimin müxtəlif yerlərində zədələrim var. Güc tapıb güləşirəm. Nə qədər gücüm var, Azərbaycanı layiqincə təmsil edəcəyəm. Hələlik karyeramı bitirmək barədə düşünmürəm. Məni yeni uğurlar maraqlandırır.

Mənbə: Çempion-Azərbaycan qəzeti