Alekseyev Bakıya gəlir
12.02.2010 - 17:38
Alekseyev Bakıya gəlir
Ağırlıqqaldırma üzrə 80 dünya, 7 olimpiya və 81 SSRİ rekordunun müəllifi Vasili Alekseyev fevralın 19-da Azərbaycana gələcək. Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Veteranlar Şurasının sədri Natiq Ağayev məlumat verib.

Onun sözlərinə görə, Alekseyevin səfəri AAAF rəhbərliyinin dəvəti əsasında reallaşacaq. Bir həftəyədək ölkəmizdə olacaq rusiyalı qonaq federasiya rəsmiləri ilə görüşəcək. O, həmçinin fevralın 25-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək gənclər arasında Azərbaycan birinciliyini izləyənlər arasında olacaq.

Vasili Alekseyev 7 yanvar 1942-ci ildə Rusiyanın Ryazan vilayətində anadan olub. Hazırda Rostov vilayətində yaşayan Alekseyev idmançı karyerası ərzində inanılmaz uğurlara imza atıb. O, ikinci ağır çəkidə 2 qat olimpiya (1972, 1976), 7 qat dünya (1970 – 1971, 1973 – 1975, 1977 - 1978), 8 qat Avropa (1970 – 1975, 1977 – 1978) və 7 qat SSRİ çempionu (1970 – 1976) adını qazanıb. SSRİ-nin idman ustası, əməkdar idman ustası və əməkdar məşqçisidir.

Belə yüksək nailiyyətləri olan ağırlıqqaldıranın ölkəmizə gəlişi həm də təbliğati xarakter daşıyır. AAAF 2014 və ya 2015-ci il dünya çempionatlarından birinə ev sahibliyi etmək niyyətindədir. Hər iki mötəbər yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. AAAF rəsmilərinin fikrincə, Vasili Alekseyev Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının dünya çempionatına təşkilatçı seçimini məhz Bakının xeyrinə etməsində yardımçı ola bilər.