İkiqat dünya çempionumuza yeni vəzifə
08.04.2010 - 11:06
İkiqat dünya çempionumuza yeni vəzifə
Ağırlıqqaldırma üzrə ikiqat dünya çempionu Nizami Paşayev Belarusun paytaxtı Minskdə davam edən Avropa çempionatına yollansa da, çıxış etməyəcək. Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Paşayev qitə çempionatına yığmamızın baş məşqçisi Yanko Rusevin köməkçisi kimi yollanıb: “Nizami bu vəzifəyə rəsmən təyin olunmayıb. O, yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisidir. Eyni zamanda dünya çempionatlarında dəfələrlə medallar qazanıb. Paşayevin həm idmançı, həm də məşqçi kimi təcrübəsini nəzərə alaraq, Rusevə kömək məqsədilə Minskə yollanmasını qərara aldıq. Amma o, qitə çempionatında iştirak etməyəcək. Çünki daha mötəbər yarış sayılan və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında mübarizə aparacaq. Avropa çempionatı isə perspektivli ağırlıqqaldıranlarımızı yoxlamaq baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, Avropa çempionatında çıxış edən ağırlıqqaldıranlarımızdan Zülfüqar Süleymanov (62 kq) bürünc medal qazanıb. Sərdar Həsənov (69 kq) isə iki hərəkətin cəmində 302 kq (165 kq + 167 kq) nəticə ilə 5-ci yerlə kifayətlənib. Sonuncu təmsilçimiz Rövşən Fətullayev (94 kq) isə aprelin 10-da körpücük üzərinə çıxacaq.