Fərid Mansurov: Məsuliyyətimizin böyük olduğunu anlayırıq
08.04.2010 - 14:15
Fərid Mansurov: Məsuliyyətimizin böyük olduğunu anlayırıq
Bu gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev aprelin 13-də Bakıda start götürəcək Avropa çempionatı ilə əlaqədar yunan-Roma güləşçilərimizlə görüşüb. Lent.az-ın məlumatına görə, Əliyev pəhləvanlarımızdan qarşıdakı qitə çempionatında da layiqli çıxış gözlədiklərini söyləyib.

Sonra o, yarışda çıxış edəcək “klassik” güləşçilərimizin adlarını açıqlayıb.

Komanda adından çıxış edən millimizin kapitanı, olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov Avropa çempionatına ciddi hazırlaşdıqlarını bildirib. Mansurov yığmamızın müntəzəm təlim-məşq toplantıları və beynəlxalq yarışlarda qüvvəsini sınadığını vurğulayıb: “Qitə çempionatında məsuliyyətimizin nə dərəcədə böyük olduğunu anlayırıq. Çalışacağıq ki, parlaq qələbələrimizlə xalqımızı sevindirək”.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz Avropa çempionatında mübarizəyə aprelin 17-dən qoşulacaqlar. Həmin gün Elçin Əliyev (55 kq), Həsən Əliyev (60 kq), Fərid Mansurov (66 kq) və Elvin Mürsəliyev (74 kq) yarışacaqlar. Ertəsi gün isə Şalva Qadabadze (84 kq), Səbuhi Hümbətov (96 kq) və Müslüm Müslümov (120 kq) qüvvəsini sınayacaq.