Ağır atletimiz Avropa çempionatında ikinci yeri tutdu - YENİLƏNİB
19.05.2010 - 17:37
Ağır atletimiz Avropa çempionatında ikinci yeri tutdu - YENİLƏNİB
Ağır atletika üzrə İspaniyanın Valensiya şəhərində keçirilən gənclər arasında Avropa birinciliyi Azərbaycan komandası üçün uğurlu başlayıb. Apasport.az saytının məlumatına görə, Nizami Paşayevin yetirmələrindən 50 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Seyidov 2 kiçik və 1 böyük gümüş medal qazanıb.

Birdən qaldırmada 85 kq çəkinin öhdəsindən gələn həmyerlimiz təkanla başı üzərinə 105 kq qaldırıb. Bununla da hər iki hərəkətdə ikinci olan Seyidov ümumi nəticədə yalnız rumıniyalı Florin Kroitorudan (93 kq+114kq=207kq) 17 kq geri qalıb.

Bu çəkidə çıxış edən digər təmsilçimiz Paşa İbrahimli isə yarışı 5-ci yerdə başa vurub. O, 176 kq (78 kq+98kq) çəkinin öhdəsindən gəlib.

56 kq çəki dərəcəsində mübarizəyə qoşulan Elxan Əliquluzadə baş məşqçinin ümidlərini doğrultmayıb. Gənc ağırlıqqaldıranımız birdən qaldırmada 95 kq, təkanla 122 kq çəkini ram edib. O, ümumilikdə 217 kq qaldırıb və birinciliyi 5-ci yerdə başa vurub.

Qeyd edək ki, mayın 22-nə kimi davam edəcək birincilikdə medal uğrunda mübarizəni Ceyhun Tağızadə, Firudin Quliyev (hər ikisi 62 kq), Nicat Rəhimov (69 kq), Nailxan Nəbiyev (85 kq) və Ağazaman Əliyev (+94) davam etdirirlər.