İdmançımız Avropa çempionatında qolunu “itirdi”
19.05.2010 - 14:51
İdmançımız Avropa çempionatında qolunu “itirdi”
“Avropa çempionatında yığmamızın çıxışını zəif hesab edirəm. Çünki həmişə belə mötəbər yarışlarda uğurla iştirak edən idmançılarımız bu dəfə gözləniləndən aşığı nəticə göstərdilər və Minskdə cəmi 1 bürünc medalla kifayətləndik”. Bu sözləri apasport.az saytına açıqlamasında sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Mübariz İbrahimov deyib.

9 çəkidən 7-də mübarizə apardığımız yarışda samboçularımızın ümidləri doğrultmaması baş məşqçini də narahat edir. İbrahimov uğursuzluqda həm bəxtdən, həm də təcrübəsizlikdən şikayətlənir: “Belarusa əsasən gənc idmançılarla yollanmışdıq. Lakin onlar arasında təcrübəli samboçular da yer almışdılar. Avropa çempionumuz və dünya çempionatının finalçısı İslam Qasımov (57 kq) döyüşdə uduzmadı desəm, səhv etmərəm. Çünki o, ev sahiblərinin təmsilçisi ilə güləşərkən, qarşılaşmanın başa çatmasına 25 saniyə qalmış 2:0 hesabı ilə öndə olsa da, qolu çıxdı. Məcburiyyətdən yarışı dayandırdı və Qasımovun rəqibi qitə çempionu adını qazandı. Araz Muxtarov (74 kq) da medal qazanmalı idi. O, 2 ay əvvəl cərrahiyyə əməliyyatı keçirsə də, təcrübəli olduğu üçün Minskə apardıq. Lakin ümidlərimizi doğrultmadı. Komandamızın kapitanı Zaur Paşayev (82 kq) də lider kimi digərlərindən fərqlənmədi. Buna görə, təcrübəlilərin medal qazana bilmədikdən sonra gənclərdən böyüklərə yeni keçən samboçulardan nəticə gözləmək çətindir. Növbəti turnirlərdə səhvlərimiz üzərində işləyərək bir daha onları təkrarlamamağa çalışacağıq”.

Qeyd edək ki, az öncə başa çatan Avropa çempionatında yalnız Elçin Həsənov (68) bürünc medala layiq görülüb.