Kapitansız gəmi
19.05.2010 - 23:07
Kapitansız gəmi
Hamının səbirsizliklə gözlədiyi dünya çempionatının final mərhələsinin başlamasına 22 gün qalıb. Yarış iştirakçıları ilə tanışlığı davam etdirən apasport.az saytı mundialın ən böyük favoritlərindən birini təqdim edir. Daim iddialılardan biri olan Almaniya yığması bu dəfə də final mərhələsinə “qızıl ovu” məqsədilə gedir.

Dosye
Federasiya: Deutscher Fussball-Bund (Almaniya Futbol İttifaqı)
Federasiya prezidenti: Teo Svansinqer
Yaranma tarixi: 1900
1904-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Baş məşqçi: Yoahim Löv
Rəngləri: ağ və qara
Ləqəbi: Bundestim, Die Mannschaft
Tarixinin ilk oyunu: İsveçrə 3:5 (1908)
Yığmada ən çox oyun keçirənlər: Lotar Matteus (150), Yurgen Klinsmann (108), Yurgen Koler (105)
Yığmada ən çox qol vuranlar: Herd Müller (68), Yurgen Klinsmann (47), Rudi Föller (47)
Məşhur futbolçuları: Valter, Tilkovski, Turek, Morlok, Ran, Zeeler, Şnelliger, Overat, Netser, Möller, Höness, Bonhof, Braytner, Mayer, Bekkenbaugr, Foqts, Littbarski, Allofs, Şuster, Şumaxer, Föller, Breme, Bertold, Matteus, İllqner, Kepke, Rummenigge, Klinsmann, Birhoff, Zammer, Babbel, Şoll, Kloze, Şvaynştayger, Ballak, Kan, Metselğder, Podolski...

Nailiyyətləri
Almaniyanın parçalanmasına səbəb olan ikinci dünya müharibəsindən sonra ilk dəfə 1954-cü ildə mundiala qatılan Bundestimin fantastik rekorda malikdir. Onların daim, yəni ardıcıl 13 dəfə 1/4 finalda oynamaq nailiyyətinə hətta Braziliyada da həsəd apara bilərlər. Axı pentakampeonların da 1/8 finalda uduzan vaxtı olub. Bu müddətdə almanlar 3 dəfə çempion (1954, 1974, 1990), 4 dəfə vitse-çempion (1966, 1982, 1986, 2002) və 2 dəfə üçüncü yeri (1970, 2006) tutublar. Bundan başqa 1972, 1980 və 1996-cı illərdə Avropa çempionu olan Bundestim daha 3 dəfə finalda məğlub olub - 1976, 1992, 2008.

Keçmiş və gələcək rəqibimiz
Almaniya yığması DÇ yolunda Azərbaycan milli komandasının rəqiblərindən olub. Futbolçularımızla (2:0, 4:0) yanaşı Lixtenşteyn (6:0, 4:0), Rusiya (2:1, 1:0), Uels (1:0, 2:0) komandalarını da hər iki matçda məğlub edən Bundestim yalnız Finlandiya (3:3, 1:1) ilə bacarmadı. Almaniyada keçirilən ikinci oyunun formal xarakter daşımasının da bunda rolu az olmadı. Çünki bundan əvvəl Moskvada qalib gələn Lövün yetirmələri son turun nəticəsindən asılı olmayaraq, birinci yeri təmin etmişdi. Bundestim növbəti seçmə mərhələdə, Avro-2012-yə gedən yolda da komandamızla eyni qrupda yer alıb.

Kapitansız gəmi
Bütün dünya nəhəngləri kimi, Almaniya yığmasının da müxtəlif taktiki sxemləri var. Lakin bu sxemlərin demək olar hamısı komandanın liderinin – Mixael Ballakın üzərində qurulub. 34 yaşlı oyun qurucusunun zədə üzündən mundialdan kənar qalması Lövü yeni taktiki gedişlər axtarmağa vadar edir. “Çelsi”də çıxış edən Bundestimin kapitanı mövsümün son matçında aldığı zədə üzündən ən azı 8 həftəlik sıradan çıxıb. Maraqlıdır ki, onun mundiala yolunu bağlayan zədə qanalı futbolçu Boatenqlə toqquşmada alınıb. Həmin futbolçu ki, dünya çempionatının qrup mərhələsində də Ballaka qarşı oynamalı idi.

Ballak olsaydı...
Ballakın heyətdə olduğu vaxtlarda almaniyalılar üçün ən səmərəli sxem 4-5-1 sayılırdı. Axı məhz bu üslubda oynamaqla, seçmə mərhələdə Rusiya kimi güclü rəqib mübarizədən kənarlaşdırıldı. Lakin indi Ballakın itkisi bir yana, Lövün başqa mövqelərdə də çətinlikləri kifayət qədərdir. Elə hər şey qapıdan başlayır. Bir il əvvəl 4 bərabər səviyyəli qapıçı arasında seçim etməkdə belə çətinliyi olan mütəxəssis əvvəl Robert Enkeni “1” nömrəyə layiq gördü. Lakin onun faciəvi ölümündən sonra əsas qapıçılıq Rene Adlerə qismət oldu. Onun zədələnməsindən sonra Lövün kimə güvənəcəyi sual doğurur. Hər halda, Tim Vize ilə Manuel Noyer arasında seçim edilməlidir. Təbii ki, oyunçu seçimi zəngin olan Löv üçün xırda problemlər həlledici deyil. Lakin Torsten Frinqsi “gözümçıxdıya” salan mütəxəssis Simon Rolfesin zədələnməsindən də narahatdır. Baş məşqçinin imtina etdiyi digər oyunçuların da adlarına nəzər salsaq görərik ki, o, kadr çatışmazlığı deyil, bolluğundan çaş-baş qalıb.

Oyunlarının təqvimi
13.06.2010 Avstraliya
18.06.2010 Serbiya
23.06.2010 Qana

Mundial iştirakçısı və biz
Almaniya və Azərbaycan komandalarının ilk görüşləri 2002/03 mövsümünə təsadüf edib. Həmin vaxt həm U-17, U-19-lar arasında qitə birinciliyinin seçmə mərhələlərində Bundestimlə qarşılaşmışdıq. 19 yaşadək futbolçularımız birinci seçmə mərhələdə oynamaqlarına da peşman oldular. Çünki Şakir Qəribovun yetirmələrini almanlar topa tutdu – 0:7. Həmin mövsümün ikinci seçmə mərhələsinə çıxan U-17 isə daha yaxşı oynayıb cəmi 3 qol buraxdı. Lakin bu Yaşar Vahabzadəyə sevinməyə əsas vermirdi. Avro-2006-nın seçmə mərhələsində U-21-də ağlarla oynamalı oldu. Hər iki görüşdə rəqibimi iki cavabsız qolla qalib gəldi. Komandalarımızın sonuncu qarşılaşmaları DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində oldu. Əsas yığmamız iki matçda 6 qol buraxdı – 0:2, 0:4.

Lakin artıq Avro-2012-də komandaları daha iki duel gözləyir. Klub səviyyəsində rəsmi görüşlərdə qarşılaşmadığımız Hitlerin həmvətənləri ilə onlarla yoxlama oyununda da üz-üzə gəlmişik. Həm yığmalarımızı, həm də klublarımız təlim-məşq toplanışlarında qüvvəsini almanlarla sınayıb.

“Maradona”nın açdığı qapı
Almaniya ilə ölkəmiz arasında futbol əlaqələri əsasən son illər sürətlənib. Amma bu istiqamətdə cığıraçanlar xeyli əvvələ təsadüf edib. İlk qaranquş rolunu isə “Maradon” icra edib. Neçə illərdir Almaniyada yaşayan və məşhur argentinalının şərəfinə “Maradona” ləqəbini daşıyan İlham Məmmədov yarımpeşəkar klublarda da olsa, hələ top qovmaqda davam edir. Azərbaycana gələn ilk almaniyalı isə 2003/04 mövsümündə birinci dəstədə peyda olub. Daniel Sanqevold “Gənclərbirliyi” klubunda çıxış edib.

Onun həmyerliləri futbolçu kimi ölkəmizə gəlməsə də, məhz Almaniya vətəndaşı olan ərəbistanlı Ömər Əl Zeynin bir müddət “Standard”da çıxış etdiyini qeyd edək. Müvafiq olaraq, “Kayzerslautern” və “Duysburq”dan transfer olunan Emeka Opara və Valentin Atem Almaniyadan transfer olunan çoxsaylı legionerlərdəndir. Bundan başqa, müqavilə ilə “Xəzər-Lənkəran”a məxsus olan türkiyəli istedad Cem Fələk də Almaniya futbolunun yetirməsi sayılır. İki ölkə arasında münasibətlərin daha bir təzahürünə isə 2007/08 mövsümündə təsadüf olundu. Belə ki, həmin il Azərbaycan klublarının ən prinsipial oyunlarını almaniyalı hakimlər idarə etdi.

Foqts və həmkarları
2008-ci ilin aprelində isə Almaniya ilə Azərbaycan futbolları daha da yaxınlaşdı. Buna əfsanəvi Berti Foqtsun yığmamızın baş məşqçisi təyin edilməsi səbəb oldu. Futbolçu kimi 1967-1978-ci illərdə şərəfini qoruduğu Bundestimlə 1974-də dünya, 1972-də Avropa çempionu olan Foqts millidə 96 matça 1 qol vurub. 1990-98-ci illərdə isə bu komandada baş məşqçi kimi çalışmaqla, 14 il əvvəl qitə çempionu olub. O, həm məşqçi, həm də oyunçu kimi bu titulu qazanaraq tarixə düşüb. Ümumilikdə isə Foqts Bundestimi 102 matça çıxarıb: 66 qələbə, 24 heç-heçə, 12 məğlubiyyət, top fərqi 205-85.

Artıq 25 aydır millimizdə çalışan mütəxəssis bu müddətdə 24 görüşdə iş başında olub: 6 qələbə, 6 heç-heçə və 12 məğlubiyyət, top fərqi 18:32. Foqtsun yığmadakı köməkçiləri Olaf Yansen, Uli Ştayn da Bundestimin tanınan futbolçularındandır. Onun sonradan “Neftçi”yə baş məşqçi təyin olunan sabiq köməkçisi Hans Yurgen Gede klublarımızda işləmiş yeganə almandır. Lakin bakılıların heyətini dağıtmaqla klubun böhrana düşməsinə səbəb olan Gede tezliklə ölkəmizdən qovuldu.

Əsas millimizlə yanaşı, U-21, U-19, U-17 və U-15-də də almaniyalı mütəxəssis çalışıb. Bütün yığmaların texniki direktoru olan Bernard Lippert və Oliver Pelzer bu komandalarda çalışıblar. Lippert U17-ilə 2008/09 mövsümündə mərhələ adladıqdan sonra 2009/10-da bu uğuru U-19-la təkrarladı. Lakin hər iki halda, 6 matçdan sonra millimiz mübarizəni dayandırdı. Pelzer isə son mövsümdə rəhbərlik etdiyi U-17-ilə elə birinci mərhələdən uzağa gedə bilmədi. Əvvəl U-15-i çalışdıran Pelzerin U-17-nin “sükanı arxasına” keçib. Lippert isə U-17-ni təhvil verənədək U-21-lə uğursuzluqlara öyrəşmişdi. 2008-ci ildən gənclər yığmasına gələn mütəxəssis İngiltərədə 0:7-nin də acısını çəkib, Şotlandiyada 2:2-lik heç-heçənin də sevincini yaşayıb, lakin qələbə görməyib. Məhz bu məşqçilərin əməyidir ki, bir sıra gənc istedadlarımız Almaniyanın “Bavariya” kimi məşhur klubu da daxil olmaqla, bir sıra komandalarının düşərgəsində təlim-məşq toplanışında olublar. İki ölkə arasında əlaqələr son illərdə o qədər inkişaf edib ki, alman mütəxəssislərin ölkəmizdə seminar keçməsi və Qurban Qurbanovun “Bavariya”nın düşərgəsində təcrübədə olması, artıq adi hal kimi sayılır. Bir müddət əvvəl isə daha bir millimiz, 17 yaşadək qızlardan ibarət komanda da alman çalışdırıcıya tapşırıldı. Belə ki, artıq DÇ-2012-nin final mərhələsinə meydan sahibi kimi birbaşa vəsiqə qazanan komandamızın “sükanı arxasında” Sissi Rayt duru. Əslində, o olmayan komandanı formalaşdırmaq məqsədi ilə dəvət olunub.

Məşhur sitat:
Almaniya yığması ilə bağlı proqnoz verməzdən əvvəl ötən əsrdə məşhurlaşan bir ifadəni xatırlatmaq yerinə düşər. Bu kəlam İngiltərə yığmasının əfsanələrindən sayılan Hari Linikerə məxsus olsa da o qədər aktual idi ki, müəllif unudulsa da ifadə qalırdı. DÇ-1986-nın ən yaxşı bombardirinin sözləri Ballaklı və Ballaksız oynamasından asılı olmayaraq, Bundestimin nəyə qadir olduğunu göstərir: “Futbol – çox sadə bir oyundur. 22 nəfər 90 dəqiqə topun dalınca qovurlar. Sonda almanlar qalib gəlir”.

Apasport.az-ın proqnozu: mundialın favoritlərindən olan Almaniyanın ən azı 1/4 final ənənəsini davam etdirəcəyini söyləmək olar. Ballaksız Bundestimin yarımfinala yolunu isə Messi və Argentina yığması bağlaya bilər. Təbii ki, hər iki komanda qrup qalibi olub 1/8 finalı adlaya bilsə.

Vüqar XEYRULLAYEV