Yığmamız Avropa çempionatında daha bir gümüş medal qazandı
20.05.2010 - 09:40
Yığmamız Avropa çempionatında daha bir gümüş medal qazandı
İspaniyanın Valensiya şəhərində keçirilən ağır atletika üzrə Avropa birinciliyində Azərbaycan yığması tarix yazmaqda davam edir. Apasport.az saytının məlumatına görə, bu mötəbər turnirin ilk günündə Məhəmməd Seyidovun 2 kiçik və 1 böyük gümüş medal qazanmasından sonra onun komanda yoldaşı Firudin Quliyev də uğurlu çıxışı ilə yığmamızın medal kolleksiyasını zənginləşdirib.

Belə ki, 62 kq çəki dərəcəsində podiuma çıxan Quliyev birdən qaldırmada 112 kq çəkini ram edərək kiçik qızıl medala layiq görülüb. Təkanla 140 kq çəkinin altına “girən” həmyerlimiz bu dəfə kiçik gümüşlə kifayətlənib. Ümumi nəticədə 252 kq qaldıran Quliyev yarışı da ikinci pillədə başa vuraraq, böyük gümüş qazanıb. Birinci yeri isə erməni Vladik Karapetyan tutub. O, təmsilçimizi cəmi 1 kq (112 kq+ 141 kq=253 kq) qabaqlayıb.

Nizami Paşayevin yetirmələrindən bu çəkidə mübarizə aparan Ceyhun Tağızadə isə Avropa çempionatını 13-cü yerdə başa vurub. Ağırlıqqaldıranımız 195 kq (85 kq + 110 kq) çəkinin öhdəsindən gəlib.

Qeyd edək ki, çempionatın ilk 2 günündə Paşa İbrahimli (50 kq) və Elxan Əliquluzadə (56 kq) birinciliyi 5-ci yerdə başa vurublar. Mayın 22-dək davam edəcək birincilikdə bu gün podiuma Nicat Rəhimov (69 kq) çıxacaq. Nailxan Nəbiyev (85 kq) və Ağazaman Əliyev (+94) müvafiq olaraq, mayın 21-də və 22-də qüvvələrini sınayacaqlar.