Dünya çempionatlarının 11 ən yaxşı qapıçısı
20.05.2010 - 15:58
Dünya çempionatlarının 11 ən yaxşı qapıçısı
Futbol üzrə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının startına cəmi 22 gün qalıb. Bu mötəbər yarışda həmişə diqqət mərkəzində hücumçular olsalar da, qapıçılar da az iş görmürlər. Apasport.az saytı çempionat ərəfəsində bu günə kimi keçirilən dünya çempionatlarında yığma komandasının “çərçivəsi”ni qoruyan ən yaxşı qapıçıları təqdim edir.

Rikardo Zamora (İspaniya)
Həm “Barselona”nın, həm də “Real”ın əfsanəvi qapıçısı Zamora dünya çempionatlarında çox forma geyinməsə də, adını ən güclülərin mübarizə apardığı yarışın tarixinə yazdıra bilib. O, İspaniyanın yığmasının dünya çempionatında debüt ilində (1934) ilk “səkkizlik”də yer almasında böyük pay sahibi olub.

Lev Yaşin (SSRİ)
1960-cı illərin məşhur qapıçısı “Qızıl top” mükafatının sahibidir və karyerası boyunca 150 penalti dəf edib. Bir çox mütəxəssislər tərəfindən indiyə kimi belə qapıçı olmadığı bildirilir. Hətta Eysebio Yaşini yüzilliyin təkrarolunmaz qapıçısı adlandırıb.

Cordan Banks (İngiltərə)
1966-cı ildə dünya çempionu olan Banks 4 il sonra Braziliyada keçirilən analoji yarışda inamlı qurtarışları ilə “11-liy”ə daxil olub. O, həmin il Pelenin başla vurduğu gözəl zərbəni əla dəf etməklə və “pişik kimi” tullanışları ilə həmişə xatırlanır.

Dino Zoff (İtaliya)
1982-ci ildə finalda İtaliyanın baş məşqçisi dünya çempionatında 40 yaşlı Zoffa etibar edib. O, da gözəl çıxışı ilə komandasının qızıl medal qazanmasında böyük pay sahibi olub və DÇ-nin ən yaşlı futbolçusu kimi tarixə düşüb. 1970-ci illərdə 1142 dəqiqə qapısında qol görməyən Zoff DÇ-də yeni rekord müəyyənləşdirib və A seriyasında Paolo Maldinidən sonra ən çox forma geyinib.

Zepp Mayer (AFR)
Çevikliyi ilə fərqlənən Mayerin ləqəbi “pişik” olub. 4 dəfə dünya çempionatlarının finalında iştirak edən qapıçı 1974-cü ildə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ubaldo Fillol (Argentina)
Argentina millisinin 1978-ci ildə zəfərində xüsusi pay sahibi olan Fillol karyerasının ən gözəl oyununu Hollandiya ilə final matçında nümayiş etdirib. Həlledici görüşlərə 3 dəfə qatılıb.

Jan Mare Pfaff (Belçika)
Pfaff 1986-cı ildə komandasının yarımfinala kimi irəliləməsində qəhrəman kimi xatırlanır. O, bu oyunda yalnız Maradonanın vurduğu zərbənin qarşısını ala bilməyib. Ölkəsində hazırda da çox sevilən qapıçı “De Pfaff” adlı proqramın aparıcısıdır.

Rinat Dasayev (SSRİ)
“Dəmir pərdə” ləqəbli Dasayevi Yaşinin davamçısı adlandırılır. 1982-ci ildə SSRİ-nin heyətində önəmli isimlərdən olan qapıçı Şotlandiya ilə qarşılaşmadakı qurtarışları ilə xatırlanır. O, 1986 və 1990-cı illərdə də komandasının heyətində yer alıb.

Serjio Qoyqoçea (Argentina)
1990-cı ildə Maradonanın kölgəsində qalan qapıçı komandasının uğuru üçün heç də məşhur futbolçudan az iş görməyib. Final mərhələsində oynadığı 6 matçda qapısında 3 qol görüb. Yuqoslaviya ilə 1/4 finalda, İtaliya ilə isə yarımfinalda penalti qurtarışları ilə nəyə qadir olduğunu sübut edib.

Oliver Kann (Almaniya)
Demək olar ki, Avropada bütün titullara sahib olan Kann yalnız dünya çempionu ola bilməsə də, adını yarışın tarixinə qızıl hərflərlə yazdırıb. 2002-ci ildə DÇ-də uğurlu çıxış edən və finalda Braziliya ilə oyunda kobud səhvlə yadda qalan qapıçı həmin il “Qızıl top” mükafatını da qazanıb.

Canluici Buffon
Zəif “nöqtəsi” olmayan Buffon karyerasındakı ən böyük uğuru son dünya çempionatında yaşayıb. 2006-cı ildə DÇ-də 453 dəqiqə qol buraxmayan qapıçı “Yuventus”la 4 dəfə İtaliya çempionu olub və UEFA kubokunu qazanıb.