Berti Foqtsun acı xatirəsi: Onların istirahətini pozmaq olmaz
22.05.2010 - 23:01
Berti Foqtsun acı xatirəsi: Onların istirahətini pozmaq olmaz
Dünya çempionatının final mərhələsinə 19 gün qalıb. Apasport.az saytı CAR-da keçiriləcək mundialı iştirakçılarının təqdimatını Danimarka ilə davam etdirir. Şimallıları E qrupunda Hollandiya, Kamerun və Yaponiya ilə mübarizə gözləyir.

Dosye
Federasiya: Dansk Boldspil-Union (Danimarka Futbol İttifaqı)
Federasiya prezidenti: Allan Hansen
Yaranma tarixi: 1889
1904-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: Danimarka dinamiti
Rəngləri: qırmızı və ağ
Tarixinin ilk oyunu: Fransa 9:0 (1908-ci il)
Baş məşqçi: Morten Olğsen
Yığmada ən çox oyun keçirənlər: Peter Şmayhel (129), Tomas Helveq (108), Yon-Dal Tomasson (107)
Yığmada ən çox qol vuranlar: Poul Nilsen (52), Yon-Dal Tomasson (51), Pauli Yorqensen (44)
Məşhur oyunçuları: Olsen, H.Yensen, Simonsen, Elkyaer, M.Laudrup, B.Laudrup, P.Şmayhel, Tomasson

Nailiyyətləri
Tarixində 4-cü dəfə mundial vəsiqə qazanan “dinamit” indiyədək bu yarışlarda ciddi uğur əldə etməyib. Əvəzində Avropa çempionatları tarixinə ən unikal qalib kimi düşə bilib. 1992-ci ildə final mərhələsində oynamalı olan Yuqoslaviya yarışa buraxılmadı. Turnirin startı ərəfəsində onları əvəzləmək tapşırığı alan danimarkalılar futbolçularını istirahətdən, bəzilərini lap çimərlikdən toplayaraq Avro-92-yə apardı. Buna baxmayaraq, onlar dinamit kimi partlayaraq, qitə çempionu titulunu qazandı. Sanki istirahətləri pozulduğu üçün onlar bütün Avropanı cəzalandırmaq niyyətində idi. Onlar bunu da bacardı.

DÇ yolunda
Macarıstan (0:0, 0:1), Portuqaliya (3:2, 1:1), Malta (3:0, 3:0), Albaniya (3:0, 1:1), İsveç (1:0, 1:0) yığmaları ilə eyni seçmə qrupunda mübarizə aparan Olsenin yetirmələri çətin vəzifənin öhdəsindən gəlməli idi. Mərhələyə Macarıstandakı xal itkisi ilə başlayan danimarkalılar ardıcıl 5 qələbə ilə iddiasını ortaya qoyur. İlk 4 qələbənin hər biri 3 qolun vurulması ilə rəsmiləşir. Özü də əsas rəqiblər – Portuqaliya və İsveçlə səfər matçları da bu qələbə seriyasının daxilində olur. Bundan sonra itirilən xallar da Olseni məyus edə bilməzdi. Sonuncu tur ərəfəsində qrup qalibi adını təmin etməklə CAR-a vəsiqə qazanan “dinamit” öz meydanında keçirdiyi son görüşdə Macarıstana uduzmağı da özünə sığışdırdı.

Eksperimentlər yığması
Olsen seçmə mərhələ boyu eksperimentlərdən əl çəkməyib. O, qapıda yeri toxunulmaz sayılan Sorenseni tez-tez ehtiyatda oturdaraq, Andersenə şans verirdi. Qapıçı da etimadı tam doğruldurdu. Bəlkə də CAR-da Sorensen yenə əvəzolunmadan oynayacaq. Lakin baş məşqçi biləcək ki, ehtiyatda səviyyəli qapıçısı da var. Müdafiədə “Liverpul”da çıxış edən Daniel Aqqeri fərqləndirmək olar. Yığmada yaxşı oynayan lakin İtaliyada özünü hələ də tam göstərə bilməyən Simon Kyaerin də müdafiədəki yeri möhkəmdir.

Yarımmüdafiədə 4-3-3 taktiki sxemi üçün əla yarayan Kristian Poulsen kimi ulduz yer alıb. Olsenin ən çox güvəndiyi bu sistemdə “Yuventus”lu futbolçu aparıcı rol oynayır. Hücumda Dennis Rommedal və Yon-Dal Tomasson kimi veteranları olan danimarkalıların əsas ümidləri Niklas Bendtnerədir.

“Arsenal”ın ulduzu hələlik qeyri sabitliyi ilə seçilir. Bəzən boş qapı qarşısında qalıb topu hara gəldi vuran danimarkalı bəzən oyunların taleyini təkbaşına həll edir. Olsenin komandasının oyun üslubu haqda danışmaq çətindir. Çünki danimarkalılar rəqib başda olmaqla, hamını təəccübləndirməyi sevir. Məsələn, Portuqaliya kimi güclü rəqibin üzərinə atılan Olsenin komandası qarşılarına çıxanları “süpürləyib” atmaq iqtidarında olduqlarını göstərdi. Bəzən isə daha zəif rəqiblərlə matçlarda danimarkalılar müdafiədə qapanıb əks həmlələrə ümid etməklə, tam başqa komanda təsiri bağışlayır.

Oyunlarının təqvimi
14.06.2010 Hollandiya
19.06.2010 Kamerun
24.06.2010 Yaponiya

Mundial iştirakçısı və biz
Danimarka futbolu ölkəmiz üçün o qədər də yaxın deyil. Hər halda nə əsas, nə gənclər yığmamız “dinamitə düşməyib”. Avropa çempionatının 2006/07 mövsümündə U-17-lər, 3 il sonra U-19-lar üz-üzə gəlib. Bu matçlar müvafiq olaraq 0:0 və 0:3 hesabları ilə nəticələnib. Bundan başqa avrokuboklardakı görüşlərdə də danimarkalılar təmsilçimizə “qan uddurub”. 1998/99 mövsümünün Kuboklar Kubokunda çıxış edən “Qarabağ” “Kopenhagen”lə oynamasına da peşman oldu. Danimarkalılar iki oyuna 10 qol vurdu – 0:6, 0:4.

Foqtsun acı xatirəsi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts üçün isə danimarkalılar acı xatirələr mənbəyidir. 1990-cı ildə dünya çempionu adını qazandıqdan sonra əfsanəvi Frans Bekkenbauer AFR yığmasının baş məşqçisi postunu Foqtsa təhvil vermişdi. İlk ciddi sınağı Avro-92-də verməli olan baş məşqçi finala qədər irəliləsə də çimərlikdən gələn Danimarka yığması ilə bacarmadı – 0:2. “Siftə”sini Danimarkanın korladığı Foqts 4 il sonra bu titulu qazanmağı bacarsa da, ilk finaldakı məğlubiyyəti çətin ki, unutsun.

Apasport.az-ın proqnozu: qrupda qalacaq.

Vüqar XEYRULLAYEV