Total futbolun yaradıcıları
25.05.2010 - 09:00
Total futbolun yaradıcıları
Cəmi 17 gündən sonra başlayacaq dünya çempionatının favoritlərindən biri də Hollandiya yığması sayılır. Mundial iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı oxucularını CAR-a mükafat dalınca yollanan “narıncılar”la tanış edir.

Dosye
Federasiya: Koninklijke Nederlandse Voetbal Bond (Niderland Kral Futbol Assosiasiyası)
Federasiya prezidenti: Mixael van Praaq
Yaranma tarixi: 1889
1904-cü ildə FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Rəngləri: narıncı və mavi
Ləqəbi: Narıncılar
Baş məşqçi: Bert van Merveyk
Tarixinin ilk oyunu: Belçika 4:1 (1905-ci il)
Yığmada ən çox oyun keçirənlər: Edvin van der Sar (130), Frank de Bur (112), Filip Koku (101)
Yığmada ən çox qol vuranlar: Patrik Klyuvert (40), Dennis Berqkamp (37), Faas Vilkes (35)
Məşhur oyunçuları: Abe Lenstra, Yohan Kroyff, Adri van Tiqelen, Ruud Krol, Eddi de Neve, Rob Rensenbrink, Marko van Basten, Frank Raykaard, Yohan Neeskens, Hans van Brekelen, Ruud Qullit, Ronald Kuman, Ronald de Bur, Frank de Bur, Edvin van der Sar, Dennis Berqkamp, Covanni van Bronkxorst, Filip Koku, Klarens Zeedorf, Eqar Davids, Patrik Klyuvert, Yaap Stam, Pyer van Hoydonk, Bodeveyn Zenden, Mark Overmars, Conni Rep, Roy Makaay, Ruud van Nistelroy, Marten Stekelenburq, Rafael van der Vaart, Uesli Sneyder, Aryen Robben, Con Heytinqa, Andre Ooyer, Klaas-Yan Huntelaar

Nailiyyətləri
Dünya idmanına total futbol bəxş edən Hollandiya yığması bu yeniliyi tətbiq etməklə, 1974 və 1978-ci illərdə dünya çempionatının gümüş medallarını qazandılar. Daha 5 mundiala qatılan “narıncılar” bu uğuru hələ də təkrarlaya bilməyib. Əfsanəvi Rinus Mihelsin yetirmələri bir də mütəxəssis yığmaya qayıdandan sonra uğur qazandı. Avro-1988-də çempion adını qazanan “narıncılar” 1976-cı ildəki bürünc nailiyyətidir. Hollandlar 1908, 1912 və 1920-ci illərdə olimpiadaların da üçüncülüyünü əldə edib.

DÇ yolunda
Makedoniya (2:1, 4:0), İslandiya (2:0, 2:1), Norveç (1:0, 2:0), Şotlandiya (3:0, 1:0) yığmaları ilə görüşən komanda yüz faizli nəticə ilə qrup qalibi oldular. Bütün oyunlarda qələbə qazanmaları hollandiyalıların sona iki tur qalmış, Avropada hamıdan əvvəl CAR-a vəsiqəni təmin etməyə imkan verdi. Lakin van Merveykin yetirmələri formal xarakter daşıyan oyunlarda da qələbə qazanmaqla, final mərhələsinə iddialı yollanacağını göstərdi.

Baş məşqçi postunda van Basteni əvəzləyən van Merveyk yenilik etməyin mənasız olduğunu dərk edərək, hollandların neçə illərdir güvəndiyi 4-3-3-ə sadiq qaldı. Ehtiyac yarandığı vaxt 4-5-1 çevrilə bilən bu sistem seçmə mərhələ boyu dəyişməz qaldı. Çünki qrupdakı rəqiblərə qarşı bunu etmək lazım olmadı. Seçmə mərhələdə cəmi 2 qol buraxan hollandların arxa xətdəki bu uğuru müdafiəçilərin oyunu ilə izah olunur. Mərkəzdə Ooyer və Mateysen, cinahlarda isə van Bronkhorst, Heytinqa, Marsellis və van der Vilin nəyə qadir olduğunu izah etmək mənasızdır. Təbii ki, bütün nailiyyətlərdə müdafiəçilərlə yanaşı, qapıçı Stekelenburqun da əməyi danılmazdır. Van der Sarın xələfi oynamadıqda isə ya Vorm, ya da elə Ervinin özü onu əvəz edirdi. Hollandların orta sahəsi və hücum xətti ulduzlar toplusundan təşkil olunub. Böyük oyunçu seçiminə malik van Merveykbu güclü “mexanizm”i düzgün hərəkətə gətirməyi bacarmalıdır. Çünki seçmə mərhələdə komandanın nəyə qadir olduğu tam görünməyib. Bu da rəqiblərin gücü ilə əlaqədardır.

Oyunlarının təqvimi
14.06.2010 Danimarka
19.06.2010 Yaponiya
24.06.2010 Kamerun

Mundial iştirakçısı və biz
Hollandiya və Azərbaycan yığmalarının indiyə qədərki görüşlərində qələbəni “narıncılar” qazanıb. U-17 2008/09 mövsümünün qitə birinciliyinin ikinci seçmə mərhələsində 0:1, U-18 1999/2000 mövsümündə 0:2 hesabı ilə uduzub. Avrokuboklardakı yeganə dueldə isə “Tvente” “Qarabağ”ın qarşısını kəsib – 3:1, 0:0. Bu Avropa Liqasının 2009/10 mövsümünün IV təsnifat mərhələsində baş verib. Bundan başqa təlim-məşq toplanışlarında da arabir Hollandiyaya gedən komandalarımız, həm orada, həm də başqa ölkələrdə “narıncılar”la yoldaşlıq oyunları keçiriblər.

Hollandiya yığması millimizin baş məşqçisi Berti Foqtsa da yaxşı tanışdır. 1974-cü ildə Almaniya yığmasının futbolçusu kimi çempion olan 64 yaşlı mütəxəssis 36 il əvvəlki final matçında Hollandiyaya qarşı oynamışdı. Həmin qarşılaşmada sarı vərəqəylə cəzalanan müdafiəçi Kroyff və yoldaşlarının qarşısının alınmasında böyük rol oynamışdı.

“Çığıraçanlar” və Cavadov
Hollandiya futbolu Azərbaycan üçün həm də futbolçular baxımından yaxındır. 2003/04 mövsümünün gedişində yığmanın İtaliya ilə oyununa Hollandiyadan yollanan Eldəniz Məmmədovla Azər Cabbarov “zanbaqlar ölkəsi”ndə yoxa çıxmışdılar. Bir müddət itkin düşən futbolçularımız orda özlərinə komanda tapmaq istəsə də sonda uğursuzluqla “Qarabağ”a qayıtdılar. Ağdam təmsilçisinin “zanbaqlar ölkəsi”nə göndərdiyi növbəti futbolçu Vaqif Cavadov oldu. Düzdür, Azər və Eldənizdən fərqli, Cavadov ora rəsmi transfer kimi üz tutub. Lakin ölkə çempionu olan “Tvente”nin heyətinə düşə bilməyən hücumçumuz gününü ehtiyat oyunçular skamyasında keçirir. Həmyerlimiz hələ ki, ən yaxşı halda əvəzedici heyətdə oynamaq imkanı qazanıb. Əks istiqamətdə də hərəkət edənlər olub. Düzdür, hələ də klublarımız holland oyunçu transfer etməyib. Lakin Hollandiya pasportu daşıyanlardan Adnan Bərəkət, İvan Svetkov, Fatih Sonkaya kimi oyunçular çempionatımıza rəng qatıb.

Apasport.az-ın proqnozu: 1/4 final

Vüqar XEYRULLAYEV