“32”lər: CAR-a Braziliyaya çatmaq üçün gedənlər
27.05.2010 - 23:01
“32”lər: CAR-a Braziliyaya çatmaq üçün gedənlər
İki həftədən sonra bütün planetin səbirsizliklə gözlədiyi dünya çempionatının final mərhələsi start götürür. Yarış iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı oxucularını CAR-a titulunu qorumağa gələn İtaliya yığması ilə tanış edir.

Dosye
Federasiya: Federazione Italiana Giuoco Calcio (İtaliya Futbol Federasiyası)
Federasiya prezidenti: Cankarlo Abete
Yaranma tarixi: 1898
1905-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: Skuadra Adzurra, mavi komanda
Rəngləri: göy və ağ
Tarixinin ilk oyunu: Fransa 6:2 (1910-cu il)
Baş məşqçi: Marçello Lippi
Yığmada ən çox oyun keçirənlər: Fabio Kannavaro (131), Paolo Maldini (126), Dino Dzoff (112)
Yığmada ən çox qol vuranlar: Luici Riva (35), Cüzeppe Meattsa (33), Silvio Piola (30)
Əfsanələri: Dzoff, Riva, Meattsa, Piola, Maldini, Faketti, Del Pyero, R.Baco, F.İndzaqi, Barezi, Berqomi, Buffon, Vieri, Altobelli, Vialli, Ferrara, P.Rossi, Rivera, Tardelli, Albertini, Qratsiani, Kannavaro, Kostakurta, Betteqa, Orsi, Mattsola, Centile, Şirea, Kabrini, Kollovati, Konti, Mançini, Dzenqa, Palyuka, Dzola, Panuççi, Nesta, Totti, Pirlo, Toni...

Nailiyyətləri
Dördqat dünya çempionu olan italiyalılar CAR-a Braziliyaya çatmaq arzusu ilə yollanacaq. Çempionluq sayında yalnız pentakampeonlardan geri qalan “Skuadra Adzurra” 1934, 1938, 1982, 2006-cı illərdə qazandığı qızıl medallardan başqa, 1970 və 1994-cü illərdə finalda uduzub. Özü də hər iki halda mavi komandanı sambaçılar dayandırıb. 1968-ci ildə Avropa çempionu titulunu qazanan italiyalılar 10 il əvvəl ikinciliklə kifayətlənib. Olimpiya oyunlarında isə yalnız bir dəfə - 1974-cü ildə çempionluğu bayram edən apenninlilər 1928 və 2004-cü illərdə üçüncülüklə təsəlli tapıb.

DÇ yolunda
İki illik fasilədən sonra milli komandaya qayıdan Lippi seçmə mərhələdə ciddi narahatlıq yaşamadı. Kipr (2:1, 3:2), Gürcüstan (2:0, 2:0), Bolqarıstan (0:0, 2:0), Çernoqoriya (2:1, 2:0) komandaları ilə matçlarda çətinliklə üzləşməyən italiyalılar İrlandiyanı (1:1, 2:2) məğlub edə bilməsə də, birinci yeri tutdu. Özü də bunu sonuncu turdan əvvəl adalılarla heç-heçə etməklə vaxtından əvvəl təmin etdi. Mavilər mərhələni məğlubiyyətsiz bitirdilər.

Axtara-axtara
Taktiki sxemə sadiqlik nümayiş etdirən Lippi seçmə mərhələ boyu 4-3-3-ə üstünlük verdi. Lakin yığmasına dünya çempionluğunu qazandıran mütəxəssis heyəti formalaşdırmaqda çətinlik çəkir. Seçmə oyunlarında 37 futbolçunu sınayan çalışdırıcı onların heç birini 10 dəfə meydana buraxmamaqla əvəzedilməzin olmadığını göstərdi. Düzdür, Buffon qapıda, Zambrotta müdafiənin sağında, Kannavaro və Kyellini mərkəzində yerini möhkəmlədib. Arxa xəttin solunda isə böyük rəqabət mövcuddur. Orta sahədə Andrea Pirlo və Daniele de Rossidən fərqli olaraq, Rino Qattuzonun mövqeyinə göz dikənlər var. Hücum xəttində o qədər qarmaqarışıqlıqdır ki, yalnız bir şey məlumdur. Lippi Kassano, Toni və Del Pyeronun üstündən xətt çəkib. Digər hücumçular isə meydana çıxmaq uğrunda güclü rəqabət aparacaq.

Oyunlarının təqvimi
14.06.2010 Paraqvay
20.06.2010 Yeni Zelandiya
24.06.2010 Slovakiya

Mundial iştirakçısı və biz
“Skuadra Adzurra” Azərbaycan yığmaları üçün arzuolunmaz rəqib sayılır. Avro-2004-ün seçmə mərhələsində mavi komanda ilə 2 dəfə qarşılaşan əsas yığmamız (0:2, 0:4) da, U-21 də (0:3, 0:6) rəqibi qarşısında aciz qalıb. Gənclərimiz Avro-2009-da da italiyalıların gücünə şahid olub – 0:5, 0:2. Bundan başqa, 1996-cı ildə U-16, 2003-cü ildə U-17 (0:2) apenninlilərlə görüşüb. 14 il əvvəl Nadir Qasımovun yetirmələrinin imza atdığı nəticə (0:0) hələ ki, mavi komanda ilə matçlarda ən böyük uğurdur. Klublarımızla heç vaxt görüşməyən italiyalılarla əlaqələrimiz bununla kifayətlənmir. Komandalarımız bu ölkədə keçirilən beynəlxalq turnirlərə gənc və yeniyetmə komandalarını göndərir. Bundan başqa, “Neftçi”nin məşqçilər korpusunda italiyalı mütəxəssis Covanni Melkiorre də yer alıb.

Apasport.az-ın proqnozu: çempionluğun favoritlərindən sayılan İtaliya yığması ən pis halda yarımfinaladək irəliləyəcək.

Vüqar XEYRULLAYEV