“32”lər: Beş müdafiəçili komanda
28.05.2010 - 23:01
“32”lər: Beş müdafiəçili komanda
Dünya çempionatının final mərhələsinin startına 12 gün qalıb. Yarış iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı G qrupunda yer alan oxucularını KXDR yığması ilə tanış edir.

Dosye
Federasiya: Koreya Xalq Demokratik Respublikası Futbol Assosiasiyası
Federasiya prezidenti: Mun Çjan Çol
Yaranma tarixi: 1945
1954-cü ildən AFC, 1958-ci ildən FİFA-nın üzvüdür.
Ləqəbi: Çxollima (Koreya əfsanələrində qanadlı at)
Rəngləri: qırmızı və ağ
Baş məşqçisi: Kim Çjon Kun
Tarixinin ilk oyunu: Çin 0:1 (1956-cı il)
Məşhur oyunçuları: Li Çan Myun, İm Son Xvi, Pak Du İk, Pak Son Zin, Xan Bon Zin, Li Don Vun, Kim Yon Çjun, Xon Yon Çjo, Ri Kvan Çon, Çjon Ta Se
KXDR yığmasında ən çox oyun keçirənlər və qol vuranlarla bağlı qeyri-müəyyənlik hökm sürür.

Nailiyyətləri
1966-cı ildə keçirilən mundialda iştirak edən koreyalılar 44 illik fasilədən sonra bu yarışa qatılır. İlk cəhddə onlar 1/4 finaladək irəliləyə bilib. Çxollima qitə birinciliyində də bir uğura sahib olub. Onlar 1980-ci ildə yarışı 4-cü pillədə başa vurub.

DÇ yolunda
KXDR yığması CAR-a vəsiqə üçün uzun və çətin yol qət etdi. İlk seçmə mərhələdən mübarizəyə başlayan qırmızılar Monqolustana hər iki matçda böyük hesabla qalib gəldi – 4:1 və 5:1. Növbəti - üçüncü mərhələdə Cənubi Koreya (0:0, 0:0), İordaniya (1:0, 2:0) və Türkmənistan (0:0, 1:0) yığmaları ilə eyni qrupda oynayan Çxollima ikinci yeri tutmaqla həlledici seçmə mərhələyə vəsiqə qazandı. Yenə cənubi koreyalılarla (1:1, 0:1) eyni qrupa düşən qırmızılar digər rəqibləri arxada qoya bildi. Onlar İran (1:2, 0:0), BƏƏ (2:1, 2:0) VƏ Səudiyyə Ərəbistanı (1:0, 0:0) yığmalarının mundial arzusunun üstündən xətt çəkməyi bacardı.

Görünməmiş taktika
Koreyalıların baş məşqçisi Kim Çqon Hun dünyanı təəccübləndirə biləcək taktiki sxemə güvənir. Üç mərkəz müdafiəçisini meydana buraxan mütəxəssis 5-3-1-1 sxeminə üstünlük verir. Üstəlik sabit heyətə malik Çxollima demək olar ki, daim eyni “11-lik”lə meydana çıxır, eyniləri isə əvəzləyici qismində zamanını gözləyir. Şimali koreyalıların heyətinin əsasən gənclərdən təşkil olunması da diqqət çəkir. Bu gənclərdən təşkil olunan sabit müdafiə xəttinin möhkəmliyini CAR-da ilk yoxlayan top sehrbazları – braziliyalılar olacaq. Həmin matçda asiyalıların 5 deyil, daha artıq müdafiəçi ilə mübarizə aparması da təəccüblü görünməyəcək.

Oyunlarının təqvimi
15.06.2010 Braziliya
21.06.2010 Portuqaliya
25.06.2010 Kot d’ivuar

Mundial iştirakçısı və biz
Azərbaycan və KXDR futbolçularının yolları indiyədək nə komanda, nə də fərd halında kəsişməyib.

Apasport.az-ın proqnozu: qrupda sonuncu yer.

Vüqar XEYRULLAYEV