Azarkeşlər polisi də tapdaladı
07.06.2010 - 08:57
Azarkeşlər polisi də tapdaladı
Dünya çempionatının final mərhələsinə hazırlaşan Nigeriya və KXDR yığmalarının oyununda xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Afrika və Asiya təmsilçilərinin görüşü ikinci hissə başlayandan az sonra dayandırılıb.

Buna stadionun girişində yaşanan basabas səbəb olub. Hadisə nəticəsində ağır xəsarət alan 9 nəfər xəstəxanaya çatdırılıb ki, onlardan biri polis əməkdaşıdır. Daha 13 azarkeş ayaq altında qalsa da, o qədər ciddi olmayan zədə alıb. Yohannesburqun “Makulonq” stadionunda keçirilən matç 10 dəqiqəlik fasilədən sonra davam etdirilib. Basabasın yaranmasına isə nigeriyalı azarkeşlər səbəb olub. Bir qrup fanatın saxta biletlərlə arenaya girmək istədiyini aşkarlayan stadion əməkdaşları bir müddət qapıları bağlamağa məcbur olub. Bu narazılıq üzündən də girişdə basabas yaranıb.

Qeyd edək ki, Nigeriya yığması KXDR ilə oyunda 3:1 hesabı ilə qalib gəlib. Afrikalıların qollarını Yakubu Ayeqbeni (16 və 90+4-cü dəqiqə) və Obinna (62-ci dəqiqə) asiyalılarda isə Tae Se Yonq (63-cü dəqiqə) vurub. Koreyalılar matçın son 10 dəqiqəsini qırmızı vərəqə üzündən azlıqda keçirib.