Visente del Boske: Biz tarixə düşmək istəyirik
30.06.2010 - 10:15
Visente del Boske: Biz tarixə düşmək istəyirik
“Portuqaliya ilə oyunda ərazi üstünlüyünə malik idik. Hərçənd, ilk hissədə öz gözəl oyunumuzu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib.

DÇ-2010-un 1/8 final mərhələsində Portuqaliya millisinə 1:0 hesabı ilə qalib gələn ispanlar sonuncu 1/4 finalçı oldular. Boske bildirib ki, oyunları alınanda rəqib üçün çətin olur: “Biz özümüzü inamlı, rahat hiss edirdik, yaxşı müdafiə olunur, təhlükəli vəziyyətlər yaradırdıq. Mətbuatda haqlarında çox az yazılan, diqqətdən kənarda qalan qəhrəmanları qeyd etmək istəyirəm. Bunlar Serxio Buskets, Xoan Kapdevila və Serxio Ramosdur. Onlar bu gün əla futbol göstərdilər. Fernando Loryente əla iş gördü. Biz yaxşı oynadığımızı bilirik. 30 gündən artıqdır bir yerdə məşq edirik. Məndə meydanda bütün güclərini qoyan futbolçularıma inam var”.

Təcrübəli mütəxəssis tarixə düşmək istədiklərini söyləyib: “Bizim futbolçular motivasiyalıdır. Onlar tarixə düşmək istəyir. Biz dünya çempionatını qazana bilərik”.

Qeyd edək ki, son Avropa çempionu olan İspaniya ¼ finalda Paraqvay yığması ilə görüşəcək.