Mükafatları bölüşərkən: Bütün medallar avropalıların ola bilər
09.07.2010 - 23:06
Mükafatları bölüşərkən: Bütün medallar avropalıların ola bilər
Bu da son. Həftəsonu keçiriləcək oyunlarla CAR-da baş tutan sayca 19-cu mundial da tarixin yaddaşına köçəcək. apasport.az saytının xəbərinə görə, bu gün Port Elizabetdə bürünc medalların sahibi bəlli olacaqsa, sabah Hollandiya və ya İspaniya ilk çempionluğuna qovuşacaq.

3-cü yer uğrunda görüşdə qüvvələr balansının bərabər olmaması matçın bir qədər şən keçəcəyindən xəbər verir. Üstəlik, Uruqvay millisi də müdafiədə oturan, rəqibdən qorxan kollektiv deyil. Baş məşqçi Oskar Tabaresin dediyi kimi, cənubi amerikalılar bacardıqları kimi oynayacaqlar: "Almaniya yığmasına qarşı bacardığımız kimi oynayacağıq. Bu matç Uruqvay millisinin nəyə qadir olduğunu bütün dünyaya göstərmək üçün növbəti şansdı. Üstəlik, hamı görəcək ki, "fair play" qaydalarına riayət edərək oynayırıq".

Heyətləri göz önünə alsaq, Uruqvay üçün dünya çempionatında bürünc mükafat oyununa çıxmağın özü belə böyük nailiyyətdi. Onlar artıq könüllərin çempionudu. Həqiqətən də Tabaresin yetirmələri bütün oyunlarda canlarını qoydular və azarkeşlərə əsl futbol zövqü yaşatdılar.

Eyni sözləri Bundestim barədə də demək olar. Almanların təkcə İngiltərə və Argentinanı darmadağın etməsi nəyə desən dəyər. Yoahim Lövün komandası bugünkü oyunun da favoritidi. Lakin Uruqvayın asanlıqla təslim olacağını da düşünmürük. Fikrimizcə, zövqlü və bol qollu bir matç olacaq.

Final matçının ab-havası isə çox fərqlidir. Oyunun başlamasına xeyli qalsa da, gərginlik indidən hiss olunur. Bir tərəfdə mükəmməl heyətə malik ispanlar, digər tərəfdə isə Braziliyanı yenməklə çempionluğa iddialı olduğunu sübut edən hollandlar var.

Komandaların hər ikisi finala yüksəlməklə böyük uğura imza atsalar da, "Qırmızı qəzəb"in çempionluq şansı bir qədər çoxdur. Çünki pireneylilər həm heyət, həm də oyun baxımından rəqibindən üstündü. Üstəlik, Visente Del Boske rəqibin zəif yerini tapıb: "Almanlardan fərqli olaraq, hollandlar daha sürətlidir. Amma onların müdafiəsi bir qədər zəifdir. Hollandiya yığmasının "düşünən beyinləri" əsasən hücumdadır. Əgər Hollandiya yığmasının müdafiəsini cinahlardan dələrək irəliləyə bilsək, qələbə bizim olacaq".

Hollandiya millisinin çalışdırıcısı Bert Van Marveyk isə ümidini itirmir və çempion olacaqlarına inanır: "Yığmamız 32 illik fasilədən sonra dünya çempionatının finalına çıxıb. Buna çox sevinirəm. Deməli, gördüyümüz işlər hədər getməyib və futbolçular da bir-birlərinə inanırlar. Əvvəlki baş məşqçilərə sayqım böyük olsa da, komanda indi sabit oynamağa başlayıb. Üstəlik, artıq hamılıqla müdafiəni də bacarırıq. Düşünürəm ki, İspaniya yığması həddən artıq ağır rəqib olsa da, finalda onları yenib çempion olacağıq".
Tarix ərzində dünya çempionu olmayan finalçılardan biri sabah "siftə" edəcək. Amma əsas məsələ odu ki, həmin bəxtəvər kim olacaq?

III yer uğrunda oyun
10 iyul


23:30 Uruqvay - Almaniya

Hakimlər: BEHİTO ARÇUHDİYA, Marvin Torrentera (hər ikisi Meksika), Ektor Verqara (Kanada).
Port Elizabet. "Helson Mandela Bey" stadionu.

Final
11 iyul


23:30 Hollandiya - İspaniya

Hakimlər: HOVARD UEBB, Darren Kann, Maykl Mallarki (hamısı İngiltərə).
Yohannesburq. "Sokker Siti" stadionu.