“Fəxri kürsüyə qalxanda, sevincimin həddi-hüdudu yox idi”
28.07.2010 - 23:01
“Fəxri kürsüyə qalxanda, sevincimin həddi-hüdudu yox idi”
“Səfərə yollananda özümə inamım böyük idi. İnanırdım ki, himnimizi səsləndirərək, vətənə qızıl medalla dönəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bolqarıstanda keçirilən boks üzrə Avropa birinciliyinin qalibi Araz Gülməmmədov verib.

Gülməmmədov bildirib ki, qitə çempionu olmaq üçün gərgin döyüşləri qələbə ilə başa vuraraq, növbəti arzusunu reallaşdırıb: “Yarışa ciddi hazırlaşmışdıq. Bunun üçün çempionatda heç bir rəqibdən çəkinmirdim. Avropa çempionu olmaq üçün 4 görüş keçirdim. İlk döyüşdə İsrail təmsilçisinə 2:0, ikinci görüşümdə litvalı boksçuya 5:1 hesabı ilə qalib gəldim. Yarımfinalda ingilis idmançısına 1, finalda isə rusiyalı rəqibimə 2 dəqiq zərbə vurdum. Fəxri kürsüyə qalxanda isə sevincimin həddi-hüdudu yox idi. Çünki mən Avropada 38,5 kq çəki dərəcəsində ən güclü olduğumu sübut etmişdim”.

4 rəqibinə cəmi 1 xal verən yeniyetmə idmançı bu uğurla kifayətlənmək fikrində deyil. “Zenit” idman klubunun yetirməsi olan Gülməmmədov növbəti ildə titulları siyahısına dünya çempionu adını da əlavə edəcəyinə əmindir: “Kiçik yaşlarımdan boks idman növünə həvəsim olub. Məşqlərə başladıqdan sonra qatıldığım ilk yarışda qızıl medal qazanmağım isə məni daha da ruhlandırdı. Bunun üçün Avropa çempionu titulu ilə kifayətlənmək fikrində deyiləm. Məşqçim Təvəkkül Məmmədovun rəhbərliyi altında daha da ciddi hazırlaşaraq, 2011-ci ildə keçiriləcək yeniyetmələr arasında dünya çempionatının qalibi olmaq istəyirəm. İnanıram ki, gərgin məşqlər sayəsində buna da nail olacağam”.

Gülməmmədov bildirib ki, boksçularımızdan Afina Olimpiadasının bürünc mükafatçısı Şahin İmranova kumir kimi baxır və onun döyüş üslubunu mənimsəməyə çalışır: “Ölkəmizdə İmranovun çıxışını həmişə diqqətlə izləmişəm. O, çox gözəl döyüşürdü və rinqdə rəqibinə imkan vermirdi. Ölkədən xaricdə isə Məhəmməd Əlinin həvəskarıyam”.

Qeyd edək ki, Bolqarıstanda məktəblilər arasında boks üzrə Avropa çempionatında Rasim Məmmədovun rəhbərliyi altında 13 boksçu ilə mübarizə aparan komandamız 2 qızıl, 3 gümüş və 4 bürünc medala sahib olmuşdu.