Milli komandalarımızın heyəti açıqlandı
22.10.2010 - 23:14
Milli komandalarımızın heyəti açıqlandı
Oktyabrın sonlarında “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvondo üzrə kişi və qadınlar arasında komandalararası Avropa Kuboku uğrunda turnir keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından (ATF) apasport.az saytına verilən məlumata görə, yığmalarımızın heyəti artıq bəllidir.

Həm kişilərdən ibarət yığmanın baş məşqçisi Ələkbər İmaməliyev, həm də qadınların koreyalı çalışdırıcısı Park Sun Mi Bakı turnirində xidmətindən yararlanmaq istədiyi idmançıların adlarını elan edib.

Kişilərin əsas komandasında Samir Aydınov (58 kq), Fariz Əliyev (68 kq), Rəşad Əhmədov (80 kq) və Təvəkkül Bayramov (+80 kq), ikinci komandanın heyətində isə Ziya Qasımov (58 kq), Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq) və Bayraməli Vəliyev (+80 kq) yer alıb.

Zəriflərin komandalarına gəlincə, əsas yığmada Xəyalə Quliyeva (49 kq), Səbinə Mikayılova (57 kq), Arzu Bağırova (67 kq) və Fəridə Əzizova (+67 kq), ikinci yığmada isə Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (57 kq), Günay Ağakişiyeva (67 kq) və Yelena Abbasova (+67 kq) cəmləşib.
Yeri gəlmişkən, yığmalarda məşqçi dəyişikliyi olub. Bundan sonra sabiq dünya çempionu Niyaməddin Paşayevlə Elnur Amanov İmaməliyevə kömək edəcək. İndiyədək İmaməliyevin köməkçisi olan Səbuhi Zülfüqarov isə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevə yardımçı olacaq.