“Bu suala özüm də cavab axtarıram”
05.01.2011 - 14:28
“Bu suala özüm də cavab axtarıram”
“Ölkə çempionatı ərəfəsində zədələndim. İndi bunun bərpası ilə məşğulam. Artıq döşəkdə məşqlərə başlamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının üzvü Elxan Rəcəbli deyib.

Olimpiya çempionu Elnur Məmmədli ilə bərabər 81 kq çəki dərəcəsində millimizin şərəfini qoruyan Rəcəbli 2011-ci ildə uğur qazanmaq arzusundadır. O bildirib ki, London-2012-yə gedəcəyinə inanır: “Ötən il karyeramda elə də yadda qalan olmadı. Son yarışlarda isə bəxt məndən üz döndərmişdi. Bir neçə lisenziya turnirində hesabda öndə olarkən son dəqiqələrdə, son saniyələrdə uduzdum. Bunun dəqiq səbəbini isə müəyyənləşdirə bilmirəm. Bu suala özüm üçün cavab axtarsam da, hələ tapmamışam. 30 yaşım var, əgər zəif olsaydım, karyeramı bitirərdim. Lakin mən son 2 ildə daha çox vaxtımı hazırlığa sərf edirəm. Məşqlərimi də intensivləşdirmişəm. Bütün yarışlara ciddi yanaşıram. Düzdür, bir neçə il öncə tənbəlliyim var idi. Özümə arxayın olduğumdan bu qədər hazırlıq keçmirdim. İndi isə Olimpiadaya yollanmaq arzumu reallaşdırmaq istəyirəm. Fikrimcə, buna nail olacağam”.

Yanvarın 15-16-da Bakıda usta cüdoçular arasında turnir keçiriləcək. Hər çəkidə dünyanın 16 ən güclü idmançısının qüvvəsini sınayacağı yarışda isə Rəcəbli iştirak etməyəcək: “Bu mötəbər turnirinə qatılmayacağam. Bu heç də Azərbaycan çempionatı öncəsi zədələnməyimlə bağlı deyil. Sadəcə, mənimlə eyni çəkidə mübarizə aparan Olimpiya çempionu Elnur Məmmədli 2010-cu ildə daha çox lisenziya xalı topladığı üçün yarışda da ölkəmizi o təmsil edəcək”.