Ruslan Abışov: Günahımızı Almaniya ilə oyunda yumağa çalışacağıq
05.06.2011 - 14:42
Ruslan Abışov: Günahımızı Almaniya ilə oyunda yumağa çalışacağıq
“Çox çətin oyun oldu. Belə uduzacağımızı gözləmirdik. Fikrimizi bu oyuna yönəltmişdik. Ancaq həmin gün oyunumuz alınmadı. Uğur qazanmaq üçün nəsə çatmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandamızın müdafiəçisi Ruslan Abışov deyib.

Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Astanada Qazaxıstan yığmasının qonağı olan millimiz 1:2 hesabı ilə yenilib. Təbii ki, azarkeşlərin minimum 1 xal gözlədiyi qarşılaşmadan vətənə xalsız dönmək hər kəsi üzüb. Hətta bunu nəzərə alan Abışov ölkədən çıxıb getmək istədiyini də açıqlayıb: “Qarşıdan Almaniya ilə oyun gəlməsəydi, 1-2 aylıq Azərbaycandan çıxıb gedərdim. İki gün sonra keçiriləcək oyunda günahımızı yumağa çalışacağıq”.

O, məğlubiyyətə görə kimisə günahlandırmağın düzgün olmadığını, hər kəsin səhvi özündə axtarmalı olduğunu vurğulayıb: “Futbolçu səhvi başqasında deyil, özünə axtarmalıdır. Nə futbolçu, nə də baş məşqçi meydanı məğlub tərk etmək istəmədz. Həm də elə oyun idi ki, qazaxlar bizi qapımıza sıxışdırmamışdılar. Məğlub olmuşuqsa, hamının günahı var”.

Abışov yaxın gələcəkdə də millinin uğurlu çıxış edəcəyini düşünmür. Səbəbini isə belə izah edib: “Nə qədər ki, yığma üzvləri ancaq milli çempionatda çıxış edəcək, gedib səfərdən yaxşı nəticə ilə dönməyimiz çətin olacaq. Evdə oyunumuz alınır. Bunda azarkeş amilinin də böyük rolu var. Lakin rəqib meydanında buna nail ola bilmirik. Biz də insanıq, hər şeyi başa düşürük. Yığmanın qələbə qazanmasını istəyirik. Adam məğlubiyyətdən sonra, heç geri qayıtmaq istəmir”.