London-2012: Boksçularımız rəqiblərini tanıdı
28.07.2012 - 06:25
London-2012: Boksçularımız rəqiblərini tanıdı
London Olimpiadasında boks yarışının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin boksçularının ilk rəqibləri müəyyənləşib.

Yığmamızın üzvlərindən ilk olaraq mübarizəyə Soltan Migitinov (75 kq) qoşulacaq. 1/16 final mərhələsindən yarışa qatılacaq həmyerlimiz misirli Məhəmməd Hikalla qüvvəsini sınayacaq. Döyüş iyulun 28-də Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Bir gün sonra rinqə Azərbaycan boksçusu çıxmasa da, iyulun 30-da təmsilçilərimizdən Elvin Məmişzadə (52 kq) gücünü yoxlayacaq. O, saat 18:30-da başlayacaq 1/16 final mərhələsinin görüşündə Tuqstsoqt Nyambayarla (Monqolustan) qarşılaşacaq.

Həmin gün eyni mərhələdən Vətən Hüseynli (81 kq) də yarışa qatılacaq. Boksçumuz yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə saat 01:45) ekvadorlu Karlos Qonqoru Monroyla üz-üzə gələcək.

İyulun 31-də yerli vaxtla saat 22:45-də (Bakı vaxtı ilə saat 01:45) Heybətulla Hacəliyev (64 kq) Abderrazak Houyanı (Tunis) sınağa çəkəcək (1/16 final).

Avqustun 1-də isə 3 idmançımız rinqə çıxacaq. Boksçularımızdan öncə ən ağır çəkilimiz - Məhəmmədrəsul Məcidov (+91) konqolu Meji Muanbanı rinqə dəvət edəcək. 1/8 final mərhələsində baş tutacaq döyüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Dünya çempionumuzun ardınca Teymur Məmmədov (91 kq) yumruqlarının gücünü göstərəcək. O, 1/8 final mərhələsi çərçivəsində saat 00:30-da Tapu Opetaya Cayla (Avstraliya) döyüşəcək. Ondan 45 dəqiqə sonra boksçularımızdan Məhəmməd Abdulhəmidovun (56 kq) qarşılaşması başlayacaq. İlk mərhələdən azad olan idmançımız 1/8 finalda İsaac Doqboe (Qana) – Satoşi Şimizu (Yaponiya) cütünün qalibini gözləyir.

Yeganə xanım boksçumuz Yelena Vıstropova (75 kq) isə avqustun 5-də yarışa qoşulacaq. O, 1/8 finalda Edit Oqoke (Nigeriya) ilə mübarizə aparacaq (saat 20:15).
0