Məmişzadə və Hüseynli mübarizəni dayandırdı
31.07.2012 - 01:08
Məmişzadə və Hüseynli mübarizəni dayandırdı
Azərbaycan Olimpiya millisinin daha 2 boksçusu Londonda debüt edib. Apasport.az saytının məlumatına görə, iyulun 28-də Nəriman Abdullayevin yetirmələrindən Soltan Migitinovun (75 kq) qələbəsindən sonra bu gün Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) rinqə çıxıblar. Təəssüf ki, onlar ümidləri doğrultmayaraq, yarışla vidalaşıblar.

Kişilər

52 kq

20 yaşlı idmançımız yarışa 1/16 final mərhələsindən qoşulub. Məmişzadə Bakıda keçirilən dünya çempionatında məğlub etdiyi monqolustanlı Tuqstsoqt Nyambayarla üz-üzə gəlib. “Baku Fires”in də şərəfini qorumuş rəqiblə döyüş saat 18:39-da başlayıb və bu dəfə boksçumuz üçün uğursuz alınıb.

Belə ki, görüşün ilk raundunu əks-hücumlar üzərində quran Elvin fasiləyə 1 xal fərqi ilə öndə çıxıb – 5:4. Lakin növbəti hissədə həmyerlimiz üstünlüyü əldən verib. O, bu dəfə 3 xal qazandığı halda, rəqibin 7 zərbəsinin qarşısını ala bilməyib.

Nəticədə III raunda 8:11 hesabı ilə geridə başlayan həmyerlimiz yekunda 11:18 hesabı ilə uduzaraq, Olimpiadada çıxışını erkən dayandırıb.

81 kq
Komanda yoldaşı Elvinlə eyni mərhələdən yarışa qatılan Hüseynli ekvadorlu Karlos Qonqoru Merkado ilə qarşılaşıb.

İlk raundda qapalı döyüşə üstünlük verən təmsilçimiz yekunda rəqibinə uduzub – 2:4. İkinci hissə də Merkadonun üstünlüyü şəraitində keçib. Dəqiq zərbələr vuran Ekvador təmsilçisi bu dəfə fərqi 3 xala çatdırıb – 7:4.

Üçüncü raundda isə Vətən öz döyüşünü tapıb. O, rəqibini nokdauna salsa da, bu yalnız xal fərqinin azalması ilə nəticələnib. Yekunda Karlos 9:8 hesabı ilə qalib gəlib və Hüseynli Olimpiada ilə vaxtından əvvəl vidalaşıb.

Qeyd edək ki, yığmamız Olimpiadaya 7 kişi, 1 qadın boksçu ilə yollanıb.
0