Millimiz problemlə başladı
25.05.2013 - 20:46
Millimiz problemlə başladı
İyunun sonunda Slovakiyada yüngül atletika üzrə növbəti komandalararası Avropa çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, baş məşqçisi Məhərrəm Sultanzadə olan Azərbaycan yığması artıq bu mötəbər yarışın hazırlıq prosesinə başlayıb.

Yığmanın heyətini müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Atletika Federasiyası təsnifat xarakterli turnir keçirməyi də planlaşdırıb. Təəssüf ki, yığmamızın aparıcı üzvlərindən üçü - efiopiyalı stayer Layeş Abdullayeva, sprinter Ruslan Abbasov və baryerləri dəf etməklə qaçan Rahib Məmmədov AÇ-2013-də komandamıza kömək edə bilməyəcək. Layeşlə Rahib zədəli, Ruslan isə hazırda Azərbaycandan uzaqda olduğu üçün AÇ-dən kənarda qalacaq: "London Olimpiadasından sonra demək olar ki, heç bir yarışa qatılmayan Layeş Abdullayeva hazırda öz vətənində müalicə kursunu davam etdirir. Ona görə də onun AÇ-yə qatılması mümkün deyil. Müalicəsini davam etdirən stayerimiz yalnız iyulda Tamperedə keçiriləcək gənclərin dünya çempionatında iştirak edəcək. Əgər o, DÇ-də müəyyən normativləri doldura bilsə, onda Moskvada böyüklər arasında keçiriləcək mundialda iştirak etmək hüququ qazanmış olacaq. Rahib Məmmədov da AÇ-2013-ə zədəli olduğuna görə gedə bilməyəcək. Ancaq onlardan fərqli olaraq, Ruslanın AÇ-dən kənarda qalmasının səbəbi onun hazırda valideynləri ilə birlikdə Krasnodar vilayətində olmasıdı. Ona görə də onun AÇ-yə qatılmasını da mümkünsüz sayırıq. Beləliklə, biz AÇ-yə 3 yaxşı atletimiz olmadan getmək məcburiyyətindəyik. Düzdü, AÇ-də yaxşı nəticə göstərmək, yüksək yerlər tutmaq iddiasındayıq. Ancaq bunun heç də asan olmayacağını bilirəm".

Sultanzadənin sözlərinə görə, AÇ-də hər bir komandanın heyəti 60 atletdən ibarət olmalıdı. Ancaq Azərbaycan AÇ-yə 30 atletlə qatılmağı nəzərdə tutur. Ona görə ki, azərbaycanlı atletlərin hər biri bir neçə növdə özünü sınayacaq. Ona görə də az heyət də buna bəs edir.
0