Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kubokunda pley-off mərhələsi başa çatıb.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, reqlamentə əsasən pley-offa vəsiqə qazanan 18 komanda burada üç qrupa bölünüb.
Qrupda ilk üç yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.
Təmsilçilərimizdən "Odlar Yurdu" qrupu lider kimi başa vuraraq həlledici mərhələdə mübarizəni davam etdirmək imkanı əldə edib. "Təhsil İdman" isə 6-cı pillədə qərarlaşmaqla turnirlə vidalaşıb.
Pley-offda "Odlar Yurdu" Fransanın "Chartres Echecs" və Çexiyanın "Novy Bor" komandalarıyla heç-heçə oynayıb 2:2. "Odlar Yurdu" digər görüşlərdə "Deizisau" (Almaniya), "Greco-Notary Chess Team" (Ukrayna) və ölkəmizin digər komandası "Təhsil İdman"ı 3:1 hesabıyla məğlub edib.
Beləliklə, sabah başlayacaq final mərhələsində ümumilikdə 10 komanda mübarizə aparacaq. Çempionluq uğrunda «Odlar Yurdu»yla yanaşı, «Ladya Kazan», «Mednıy Vsadnik» (hər ikisi Rusiya), «Hamburger Schacklub», «Deizisau» (hər ikisi Almaniya), «Clichy Echecs 92» (Fransa), «Novy Bor» (Çexiya), «Guildford» (İngiltərə), «Poland Hussars» (Polşa) və qadın şahmatçıların yarışında Avropa Kubokunun qalibi «Monte-Karlo» yarışacaq.
Qeyd edək ki, «Monte-Karlo» turnirin final mərhələsinə təşkilatçıların xüsusi dəvətiylə qoşulacaq. Final mərhələsi iki gün davam edəcək. On komanda dairəvi sistemlə mübarizə aparacaq. Doqquz turdan sonra ilk pilləni tutacaq kollektiv Avropa Kubokunun qalibi elan olunacaq.
91 komandanın iştirak etdiyi Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır