Cüdoçularımızdan 1 qızıl, 2 bürünc medal - "Böyük dəbilqə"də
25.10.2020 - 20:43
Cüdoçularımızdan 1 qızıl, 2 bürünc medal - "Böyük dəbilqə"də

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatıb. 
 
Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulub.

Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu turnirin son günündə təmsilçilərimizdən Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb. Nəticədə komandamız 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər "Böyük dəbilqə"ni 1 qızıl və 2 bürünc mükafatla bitirib. Mehdiyevdən öncə - əvvəlki günlərdə idmançılarımızdan Rüstəm Orucov(73 kq) birinci, Orxan Səfərov(66 kq) üçüncü yeri tutub.

Kişilər 
90 kq

Bu çəki dərəcəsində millimizin lideri Məmmədəli Mehdiyev yarışa 1/16 finaldan qoşulub. İlk cəhdində Farux Bulekulovu (Qırğızıstan) məğlub edən həmyerlimiz ardınca Cesper Sminki (Hollandiya) mübarizədən kənarlaşdırıb. Mehdiyev 1/4 finalda rusiyalı Mixael İqolnikovla üz-üzə gəlib və rəqib mərhələ adlayıb. Təsəlliverici görüşdə Davlat Bobonovla qarşılaşan təmsilçimiz tatamidən qalib ayrılıb. O, 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel Van Endi məğlub edib. 

Komandamızın digər üzvü Rüfət İsmayılov isə 1/16 finalda Rafael Maçedonla (Braziliya) güləşib və uduzub. 

100 kq
İlk görüşdən azad olan Elmar Qasımov 1/16 finalda Mert Şişmanlarla (Türkiyə) gücünü yoxlayıb və tatamidən məğlub ayrılıb.

Ondan fərqli, Zelim Kotsoyev "Böyük dəbilqə"yə qələbə ilə başlayıb. Alibek Serikbayeva (Qazaxıstan) qalib gələn milliləşdirilmiş cüdoçu 1/8 finalda Mikloş Çirjeniçlə (Macarıstan) üz-üzə gəlib. Kotsoyev bu dəfə rəqib i ilə bacarmayıb və turnirlə vidalaşıb.

+100 kq
Uşangi Kokauri 1/16 finalda Cemal Erdoğanı (Türkiyə), Camal Feyziyev Harun Sadikoviçi (Bosniya və Herseqovina) sınağa çəkib. Təəssüf ki, hər iki idmançının yarışdakı debütü məğlubiyyətlə yekunlaşıb. Rəqiblərin mərhələ adlaması, təmsilçilərimizin "Böyük dəbilqə" ilə vidalaşmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycan millisi 80 ölkədən 624 cüdoçunun qatıldığı turnirə 17 idmançı ilə yollanıb. İlk iki yarış günündə tatamiyə çıxan 11 cüdoçumuzdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (66 kq) bürünc medal qazanıb. 

0
cüdo Elmar Qasımov Böyük dəbilqə