“Sabah”ın əsas üzvünə çevrilən yarımmüdafiəçi Abdulla Xaybullayev apasport.az saytına müsahibə verib.
- "Sabah" son turda "Sumqayıt"a məğlub olmuşdu. Həmin məğlubiyyət özünüz üçün gözlənilməz oldu?
- Təbii ki, biz hər oyuna olduğu kimi "Sumqayıt"la matça da qələbə üçün çıxmışdıq. Oyuna görə də həmin görüşdə qələbəyə layiq idik. Məğlubiyyət hamımız üçün gözlənilməz oldu. Çünki qələbə üçün çıxmışdıq, oyunu da layiqli keçirdik.
- Səncə, həmin görüşdəki məğlubiyyətə əsas səbəb nə idi? Hansısa arxayınçılıq ola bilərdi?
- Dediyim kimi, oyunda basqın tərəf biz idik. Sadəcə qol vurmaq üçün sanki son ötürmə, sonluq çatmadı. Bir qol vursaydıq, ardı gələcəkdi, qol epizodları daha çox yaradacaqdıq. Təəssüf ki, belə alındı. Amma biz həftəboyu "Kəpəz"lə görüşə hazırlaşmışıq. Bu oyunda uğurlu nəticə qazanmaq istəyirik. "Sumqayıt"la görüşdə də hansısa arxayınçılıq, rahatlıq yox idi. Maksimum dərəcədə oyuna köklənmişdik və qalibiyyət barədə düşünürdük. Üç xalı qazanmaq üçün yaxşı motivasiyamız da var idi. Sadəcə təəssüf belə oldu.
- Əksər insanlar gözləyirdi ki, "Sabah" bu mövsüm çempionluq uğrunda mübarizə aparsın. Amma hələ ki, bunu görmürük, komanda 6-cı pillədədir. Səncə, bu mövsüm həmin gözləntiləri qarşılayacaqsız?
- Hələ ki, heç nə itirilməyib. Biz sona qədər mübarizə aparacağıq. İnanıram ki, istədiyimiz nəticəni qazanmağa müəssər olacağıq.
- Bu gün komanda "Kəpəz" qarşısına çıxacaq. Onlar da son turda qələbə qazanıblar. Bugünkü qarşılaşmada qələbə şansınızı necə dəyərləndirirsən?
- Bilirsiz, Azərbaycanda asan rəqib yoxdur. Bütün komandalar yaxşıdır. Heç bir oyun da asan keçmir. Hər bir komanda da çətinlik yarada bilər. Bu turda qalib gəlmək üçün oynayacağıq. Yaxşı komandamız var. İnanıram ki, hər şey yaxşı alınacaq.
- Son turlarda "Sabah"da əsas heyətdə oynayırsan. Krunoslav Renduliç sənə daha çox etimad göstərməyə başlayıb...
- Bəli, Krunoslav Renduliç mənə güvənir, etimad göstərir. Bu da məni çox sevindirir. Təbii ki, mən baş məşqçimizin etimadını doğrultmağa çalışıram. Meydanda olduğum hər an komandamın uğuru üçün sona qədər mübarizə aparıram.
- Maraqlıdır, Renduliçlə danışırsan və sənə nələr deyir?
- Baş məşqçi mənə həmişə nəyi, necə edəcəyimizi deyir. Onun tərəfində heç bir narazılıq yoxdur. Dediyim kimi, verilən tapşırıqları yerinə yetirməyə, onun etimadını qazanmağa çalışıram. Mənə güvənirsə, onu doğrultmalıyam.