Bu gün başa düşə bilmədiyim, hələ də dərk etmədiyim bir hadisə yaşandı. “Baku Sporting” – “Zaqatala” matçını canlı izləmək üçün Binəyə yollandım. Küləyin tribunaları silkələdiyi saatlarda oyunu PFL-in operatoru ilə birgə izlədik. Balaca, üstüörtülü bir yerə sığınıb, qarşılaşmanı seyr edirdik. İkimizdən başqa tribunalarda yalnız 3-4 nəfər var idi.
Başa düşüləndi, I Liqa matçıdır, hər iki komanda üçün stadion yaddır. Nəysə, sözümün canı onda deyil. Oyun bitəndən sonra hər zamankı kimi yollandım miks-zonaya. Məqsədim kimisə provokasiyaya çəkmək, kiminsə ədəbsiz videosunu lentə almaq və ya meydançanın otlarını (xalçasını) yolmaq deyildi. Jurnalist kimi öz işimi görmək üçün miks-zonaya yaxınlaşdım.
Binə qəsəbə stadionunda olanlar bilir, orda infrastruktur elə də böyük olmadığından alışdığımız miks-zonaları burda təşkil etmək olmur. Buna da eyvallah. Müsahibə almaq üçün yalnız futbolçuların meydandan çıxdığı tunelə gəlmək mümkündür. Ki, hər zaman da belə olub. Həm həmkarlarımın, həm də özümün müsahibələri dəfələrlə orda aldığımızı xatırlayıram. Hələ ki, 23 yaşındayam, ciddi yaddaş problemim yoxdur. Tanıyanlar bilir ki, yalan danışacaq şəxs də deyiləm.
Tunelə yaxınlaşanda indiyədək görmədiyim bir mənzərə ilə rastlaşdım. AFFA-nın gödəkçəsini geyən şəxs əlimdəki “Apasport” mikrofonunu görüb, tez “icazə almısız?”, - deyə soruşdu. Duruxdum. İlk öncə başa düşmədim. Sonra özümü toparlayıb, kimdən icazə almalı olduğumu soruşdum. Bildirdi ki, AFFA nümayəndəsindən icazə almalıyam. Mən isə taxdığım PFL-in PRESS akkreditiyasının həmin zonaya daxil olmağa icazə vermədiyi halda, müsahibələri bayırda, küləyin altında da ala biləcəyimi söylədim. O, mənə içəri daxil olmağıma görə yox, kimləsə müsahibə almaq üçün AFFA nümayəndəsindən icazə almalı olduğumu bildirdi. Yenə duruxdum.
2021-ci ilin yayında “Futbol+”lə birgə çıxdığım bu yolda ilk dəfə idi ki, belə bir şey eşidirdim. Həmin şəxsə bir neçə dəfə “Necə yəni? Mən jurnalistəm. İşim budur. İşimi görməyə niyə mane olursuz?” suallarını versəm də, konkret cavab ala bilmədim. Əlində telefonla kimləsə danışdığını görürdüm. Elə bu anda “Baku Sporting”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədov gəldi. O da sağ olsun. Həmin şəxsə dediyinin doğru olmadığını, müsahibə üçün Elman müəllimi gətirəcəyini söylədi. Mən də qapıdan bayıra çıxıb, baş məşqçini orda gözləməyə qərar verdim. Bayıra yenicə çıxmışdım ki, içəridəki şəxsin zəng etdiyi nümayəndə gəldi.
Həmin bəy stadionun direktoru imiş. Mənə yaxınlaşıb, “Apasport"dan gələn sizsiz?”, - deyə qəribə formada sual verdi. Əslində sualı çox normaldır. Amma sualı vermə şəkli heç yaxşı deyildi. Mənsə, soyuqqanlılığımı qoruyub “bəli, mən idim”, - deyə cavab verdim. Direktor müsahibə və ya açıqlama üçün AFFA nümayəndəsindən icazə almalı olduğumu söylədi. Cavabımda illərdir bu işlə məşğul olduğumu, belə bir qaydanın olmadığını bildirdim. O, isə İŞİMİ GÖRMƏYƏ İMKAN VERMƏDİ!
Ardınca “keçən oyunda müsahibə üçün icazə almışdız?” sualını verdi. Mən isə xeyr, AFFA nümayəndəsi Zümrüd xanımın gözünün qarşısında Qəzənfər müəllimlə danışdım, problem olsa, bildirərdilər dedim. “Bəs sınan şüşəni çəkib sayta verəndə kimdən icazə almışdız?!” (bax) cavabını eşidəndə sanki başımdan aşağı qaynar sular töküldü. Hələ üstəlik bununla dayanmadı, “meydanda və meydan xaricində baş verən hər şey üçün AFFA nümayəndəsi və məndən icazə almalısız”, - dedi. Mən isə bu cavabdan sonra heç bir şey demədən ordan ayrıldım.
Həmin şüşə məsələsinin qısa icmalı belədir: "İmişli"nin futbolçusu matçdan sonra əsəblərinə hakim ola bilməyərək, dopinq otağının qapısının şüşəsini sındırdı. Mən də bunu ictimailəşdirdim. Bu tip hadisələrə "susmalı", "gizləməliymişik".
İndi sizə özüm barədə danışım. Adım İsmayıl. Soyadım Xeyrullayev. Gözümü yazar ailəsində, jurnalist oğlu kimi açmışam. Media nümayəndəsinin yalan məlumat paylaşmaması gərəkdiyini, gördüyünü yazmalı olduğunu, pula satılmamasının vacibliyini ibtidai sinif günlərimdən bilirəm. Yazdığım həmin şüşə xəbərində də hansısa səhv yoxdur. Olanı yazmışam. Bunun üçün kimsə mənə pul təklif etməyib, bunu yazmaq üçün kimdənsə sifariş almamışam. Jurnalist olaraq gördüyüm hadisəni işıqlandırmışam. Etdiyimdən də həm baş redaktorumun xəbəri var, həm də digər əməkdaşların. Nə edək, hər baş verən şeyi ört-basdır edib gizlədək?! Bu nə deməkdir?
Bu gün mənə qarşı edilənlər PFL əsasnaməsinin açıq-aşkar şəkildə pozulmasıdır:
14. Matçların yayımının və kütləvi informasiya vasitələrinin (KİV) akkreditasiyasının təşkili:
Həmin maddənin 12-ci bəndi: Klublar bütün futbolçuların miks-zonadan keçidini təmin etməli və akkreditasiyadan keçmiş KİV nümayəndələrinin müsahibə ilə bağlı hər hansı müraciəti yekun qərardan asılı olmayaraq futbolçuların diqqətinə çatdırmalıdır. Futbolçu istəmədiyi halda müsahibə-açıqlamadan imtina edə bilər.
Bu qərarda AFFA nümayəndəsindən icazə hardadır? Bu gün yaşanan həmin hadisənin səbəbkarları ilə bağlı tədbir görülməsini tələb edirəm. Yoxsa hər stadionun direktoru və ya AFFA gödəkçəli şəxs bizimlə belə danışacaq, bu formada rəftar edəcək, işimizə imkan verməyəcəksə, saytlarımızı bağlayaq çıxaq gedək? Məsələ həllini tapana qədər bu mövzudan əl çəkmək fikrim yoxdur.
İsmayıl Xeyrullayev
- “Zirə” – “Neftçi” matçının təyinatları açıqlanıb
- Birinci Liqa: "Mingəçevir" və "Zaqatala"dan heç-heçə - YENİLƏNİB
- Emin Əmrullayev: "Legioner limitinin ləğvi müsbət qərardır"
- "Neftçi" yeni sponsorluq müqaviləsindən əldə etdiyi məbləğ açıqlandı
- Cenk Sümer: “Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik”