“Araz-Naxçıvan”ın yay hazırlıq planı bəlli oldu
29.06.2026 - 13:48
“Araz-Naxçıvan”ın yay hazırlıq planı bəlli oldu

“Araz-Naxçıvan” yeni mövsümün hazırlığına iyulun 10-da start verəcək.

Bu barədə "Apasport"a klubdan məlumat verilib.

Hazırlığın ilk üç günü futbolçular tibbi müayinədən keçəcəklər. İyulun 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi təşkil olunacaq. Komanda iyulun 20-də əvəzedici heyətlə yoxlama oyunu keçirəcək.

İyulun 21-i futbolçular üçün istirahət günü olacaq. Hazırlıq prosesinin ikinci mərhələsi iyulun 22-dən 31-dək davam edəcək. Bu müddətdə “qırmızı-ağlar” üç yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda iyulun 24-də “İmişli”, iyulun 31-də isə “Şəfa” ilə üz-üzə gələcək. İyulun 28-nə nəzərdə tutulan yoxlama oyununun rəqibi isə hələ müəyyənləşməyib.

Avqustun ilk iki gününü istirahətdə keçirəcək “Araz-Naxçıvan” ayın 3-də yenidən bir araya gələcək. Komanda avqustun 7-də daha bir yoxlama oyunu keçirəcək. Bu görüşün rəqibi də hələ dəqiqləşməyib. Həmin matçdan sonra futbolçular bərpa və istirahət prosesinə başlayacaq, avqustun 10-dan etibarən isə yeni mövsümdə ilk rəsmi oyunun hazırlıqlarını davam etdirəcəklər.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın yeni mövsümə hazırlıq prosesi tam şəkildə Bakıda keçiriləcək.