Ayxan Abbasov: "Çoxdandır ki, bu qədər qol vəziyyəti yaratmırdıq"
06.06.2026 - 00:59
Ayxan Abbasov: "Çoxdandır ki, bu qədər qol vəziyyəti yaratmırdıq"

Futbol üzrə milli komandamız yoxlama matçında Maltaya məğlub olub. 

Apapsort.az xəbər verir ki, millimizin b məşqçisi Ayxan Abbasov Macarıstanın Sombathey şəhərində Malta ilə keçirilən yoldaşlıq oyununda aldığımız məğlubiyyəti şərh edib:

"Bu məğlubiyyətə görə məyusuq. Amma 90 dəqiqə ərzində oyunun tempi yaxşı idi. Xəyal Əliyevin matçın əvvəlində zədələnməsi planlarımızı pozdu və dəyişikliklər etməyə məcbur olduq. Uzun müddətdir ki, bu qədər qol vəziyyəti yaratmırdıq. Həmin epizodları qola çevirməli idik. Bununla belə, bu məqamı müsbət qiymətləndirirəm. Yoldaşlıq görüşü olduğu üçün müəyyən risklərə getmişdik. Bu qədər fürsət yaratmağımız sevindiricidir, amma qol vura bilməməyimiz üzücüdür. Bəzi futbolçuların oyun praktikası az olduğundan onların hazırkı forması da öz təsirini göstərir".

– İkinci qoldan sonra Abdulla Xaybulayevlə Anton Krivotsyuk arasında gərginlik yaşandı. Bu epizod barədə nə deyə bilərsiniz?

Epizodun təkrarına baxdığım üçün həmin anı görmədim. Milli komandada belə halların baş verməsinə imkan verməyəcəyik. Bu məsələ ilə bağlı futbolçularla danışacağıq. Komanda qalib gəlmək istəyirdi və emosiyalar həddindən artıq idi. Lazımi tədbirlər görüləcək.

– İki belə qol buraxan müdafiə xətti barədə fikriniz nədir?

Rəqib bizi əks-hücumlarda yaxaladı. Sığortalama zamanı gecikdik. Müdafiəyə daha sürətli qayıtmalıyıq.