Ayyub Allaş: “Onları tanımıram, amma yaxşı oğlanlardır” - MÜSAHİBƏ
12.07.2023 - 12:03
Ayyub Allaş: “Onları tanımıram, amma yaxşı oğlanlardır” - MÜSAHİBƏ

“Qəbələ”nin legioneri Ayyub Allaşın apasport.az saytına müsahibəsi

- Məşqləriniz necə gedir?
- Hazırlıq yaxşı keçir. Hər şeydən razıyıq. Doğrudur, Boluda hava çox istidir. Amma gözəldir. Mənə burada olmaq, oynamaq, məşq etmək xoşdur. Ona görə də, bu məsələlərə çox da fikir vermirəm.

- “Sabah”a qarşı yoxlama görüşü necə keçdi? İstədiyiniz kimi alındı?
- “Sabah”a qarşı matç yalnız yoldaşlıq görüşü idi. Bizim üçün önəmli olan Konfrans Liqasında “Omoniya” ilə görüşə qədər tam hazır vəziyyətdə olmağımızdır. Bunun üçün də çalışırıq, məşqlərimizə davam edirik.

- Yeri gəlmişkən, “Sabah”ın heyətinə cəlb etdiyi oyunçulardan biri həmyerlindir. Mərakeş millisinin üzvü olan Sofian Çakla ilə danışığınız oldu?
- Düzü, mən onu tanımırdım. Amma təbii ki, onunla söhbətləşdik. Hər halda, biz ikimiz də mərakeşliyik. Onu Azərbaycanda görməkdən məmnun idim. Ümidvaram ki, buradakı karyerası uğurlu alınacaq. Münasibətimiz yarandı, yəqin ki, onunla görüşəcəyik.

- “Qəbələ”nin bir neçə əsas oyunçusu komandadan ayrıldı. Bu fakt komandanı zəiflədəcək?
- Doğrudur, komandadan çox futbolçu getdi. Hər halda, bu oyunçular və klub arasında olan danışıqlardır, nəsə deməyim doğru olmazdı. Amma məncə, komandamız yaxşı transferlər həyata keçirdi. Hər halda, yeni oyunçularımız gəldi.

- Yeni transferiniz arasında İsraildən iki futbolçu var. Həmin oyunçular və Ahmed Ayzayayla Zurab Oçiqava haqda fikrin necədir?
- Bəli, yeni oyunçularımız bizə qoşulub, məşqlərini edir. Fikrimcə, yeni transferlər komandaya kömək edəcək. Onlarla bir neçə məşqə çıxmışam. Düzünü desəm, yeni transferlərimizin heç birini tanımıram. Amma yaxşı oğlanlar olduğunu deyə bilərəm.

- “Qəbələ” Konfrans Liqasının təsnifat mərhələsində “Omoniya” ilə qarşılaşacaq. Kipr klubu barədə nə düşünürsən, onlar barədə məlumatın var?
- Hər zaman deyirəm və hesab edirəm ki, futbolda hər şey mümkündür. Biz yaxşı hazırlaşırıq və uğurlu nəticə üçün çalışacağıq. Əminəm ki, “Omoniya”ya qarşı çox yaxşı oyunlar bizi gözləyir. Komandanın uğuru üçün əlimizdən gələni edəcəyik. 

- Səncə, “Qəbələ”nin “Omoniya”nı keçməsi mümkündür?
- Hazırlıqlarımız yeni mövsümlə bağlıdır. Oyunlar zamanı uğur üçün oynayacağıq. Necə alınacağını zaman göstərəcək. Komandamıza inanıram.

0