Azərbaycan şahmatçısı xəstələndi və mübarizəni dayandırdı
19.01.2023 - 22:31
Azərbaycan şahmatçısı xəstələndi və mübarizəni dayandırdı

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında VII turun görüşləri keçirilib.

Apasport.az xəbər verir ki, çempionatın lideri Vasif Durarbəyli ardıcıl ikinci dəfə xal itirib. Bu dəfə Durarbəyli qara fiqurlarla Vüqar Əsədli ilə heç-heçə oynayıb. Reytinq favorit Nicat Abbasov qara fiqurlarla Xəzər Babazadə ilə “sülh”ə razılaşıb.

Liderləri izləyən Aydın Süleymanlı hesabat turunda Məhəmməd Muradlıya uduzub. İsmayıl Şahəliyev ağ fiqurlarla Eltac Səfərli ilə bacarmayıb – 0:1. 
Murad İbrahimli Fariz Əhmədova, Vüqar Manafov isə Şiroğlan Talıbova qalib gəlib. Qələbə qazanan hər iki şahmatçı bu tur qara fiqurlarla mübarizə aparıb. Əhməd Əhmədzadə Şahin Vəliyevi, Elvin Bayramov isə İsmayıl Qurbanovu təslim olmağa məcbur edib. Xaqan Əhmədlə Fərid Mustafayevin görüşü bərabərlik başa çatıb.

Ülvi Sadıqov – Abdulla Qədimbəyli arasında görüş baş tutmayıb. Xəstələnən Abdulla Qədimbəyli bu turdan etibarən ölkə çempionatında çıxışını dayandırıb. Rəqibi gəlmədiyinə görə VII turda Ülvi Sadıqovun aktivinə texniki qələbə yazılıb.  

7 turdan sonra aktivində 6 xal olan Vasif Durarbəyli liderliyini davam etdirir. Liderdən 1 xal geri qalan Vüqar Əsədli 2-ci yerdədir. Növbəti sıralarda hərəyə 4,5 xal toplayan Nicat Abbasov, Məhəmməd Muradlı, Xəzər Babazadə və Eltac Səfərli qərarlaşıb. 7-9-cu sıraları bölüşən Aydın Süleymanlı, Ülvi Sadıqov və Murad İbrahimli hərəyə 4 xal əldə edib.
Növbəti turun oyunları yanvarın 21-də oynanılacaq. 
Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

0