Ceyhun Sultanov: "İstənilən rəqibə uduza bilərik"
12.10.2024 - 12:59
Ceyhun Sultanov: "İstənilən rəqibə uduza bilərik"

"Estoniyaya qarşı oyun barədə danışmaq çətindir".

Bu sözləri millimizin keçmiş futbolçusu Ceyhun Sultanov yığma komandamızın Estoniya millisinə 3:1 hesabı ilə məğlub olduğu oyun barədə "apasport"a açıqlamasında deyib. 

Təcrübəli mütəxəssis bu oyunu dəyərləndirmək istəmədiyini bildirib: "Sözün açığı, oyunu şərh etmək istəməzdim. Çünki Estoniyaya qarşı oyunumuz  dəyərləndiriləsi deyil. Bir az epizodlarımız oldu, həmin anlarda yaxşı futbol oynadıq, amma məğlub olduq. Bu gün estonlar bizə 3 qol vurursa, mənim üçün oyunu dəyərləndirmək çətindir. Bu günə olan potensialımız budur. Bununla barışmaq lazımdır. İstənilən rəqibə uduza bilərik. Bu bizim üçün normal olmalıdır. Çünki biz o səviyyədə deyilik. Ola bilər ki, İsveç kimi rəqibi məğlub edək, amma komandada stabillik yoxdur. Bütün bunlar futbolçuların keyfiyyəti ilə birbaşa əlaqəlidir. Bizim futbolçuların keyfiyyəti Avropaya baxanda çox aşağıdır. Ola bilər, 1-2 futbolçumuz o səviyyəyə yaxındır, amma millimizin heyətində olan digər futbolçuların səviyyəsi Avropadan aşağıdır. Bu da normaldır. Biz düşünməliyik ki, bu uşaqların potensialını necə qaldırmaq olar. Xüsusilə də, aşağı yaş qruplarından gələn futbolçuların ustalıq səviyyəsini yüksəltmək lazımdır".

Sultanov Estoniya ilə matçda əsas problemin müdafiə xəttində olduğunu söyləyib: "Matçda əsl qlobal problem komanda şəklində müdafiə oluna bilməməyimiz idi. Əgər öz qapımızda 3 top buraxırıqsa, bu, müdafiə olunma bacarığımızın olmadığını göstərir. Məncə, ən böyük problem bu idi". 

 Qeyd edək ki, Azərbaycan millisi ötən gün UEFA Millətlər Liqasının III turunda Estoniya millisinin qonağı olub. Tallində keçirilən matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Nərmin Vüqarqızı 

0