Atalar sözləriylə söhbətə girmək istəyirəm. Ümumiyyətlə, deyimlərlə, aforizmlərlə aram yaxşıdır, tez-tez istifadə edirəm. Arada bəzilərini özümünküləşdirirəm. Əlimdə gündəmə uyğun, bir az da düzəlişlər etdiyim kəlamlar var, onlarla başlayaq: “Atdan düşmək bir ayıb, eşşəyə minmək ikinci ayıb’, “Səbir acıdır, meyvəsi şirin”, “Səbir ilə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından”. Əlqərəz, dərsimiz səbir, mövzumuz “Neftçi”dir...
“Qarabağ” hələ təzə-təzə Azərbaycan futbolunda “власть”ı ələ alanda “Neftçi” azarkeşləri başladı dırnağını yeməyə. Çünki ağdamlıların bu nailiyyətlərinin memarları gözlərinin qabağında boya-başa çatan simalar, ağ-qaraların yetirmələri, klubun övladları idi. Baş məşqçisi, köməkçi məşqçisi, kapitanı, aparıcı oyunçuları... Təpədən-dırnağa hamısı. Bir anda cənnət quşu kimi uçub getmişdilər. Paraleldə Gedeli “Neftçi” də canıyla əlləşirdi...
Qəbul, atlılarda da hər şey bir anda güllük-gülüstanlıq olmadı. Hər ay Qurbanovun istefası, qovulma xəbərləri qəzetləri, saytları doldururdu. Hə, doğuş sancılı keçdi, amma nəhayətində nur topu kimi bir sistem dünyaya gəldi. Nəticə də göz qabağında, danışmağa lüzum yoxdur. Qurbanov “Qarabağ”ı flaqman, “Qarabağ” da Qurbanovu “hoca” elədi...
15 il – bir igidin ömrü. Bəli, 2008-ci ildən hoca postdadır. Yenə deyirəm, nailiyyətləri, ölkə futboluna qazandırdıqları, fəlsəfəsi, xarizması, “stoyka”sı barədə səhərə qədər, uzun-uzadı danışmaq olar. Gərək yoxdur. Day açıq-açıq qeyd etmədim, amma yəqin başa düşdük ki, dərsimiz səbirdir, indi isə keçək mövzuya – “Neftçi”yə.
“Neftçi”də Qurbanovdan sonra geridə qalan 15 il, 15 ildə 15-dən çox məşqçi, 100-lərlə gələn, gedən futbolçu, 10-larla oturdulmaq istənilən sistem, seleksionerlər, isveçrəli alimlər, “stalinka papaq” taxan italyanlar, ondan-bundan yanıqlı qalan qocaman məşqçilər, aktyorlar, yazarlar, ağsaqqallar şurası, blogerlər, başı qarlı dağlar... Ortada da heç nə, Allah rəhmət eləsin Böyükağa müəllimə. Samirə də uzun ömür, can sağlığı. Başa düşürsünüz? Vəssalam e, ortada başqa heç nə yoxdur. Sıfır, zero, nə bilim, nol.
İndidən deyim, mənim rəhmətlik atam bakılı olub, ana tərəfin də kökü cənubdan, özləri Bakıdandır. Araşdıra da bilərsiniz, Rumıniya ilə yaxından-uzaqdan əlaqəmiz yoxdur. Qısacası, Mutu mənim dayımın nəvəsi, kürəkənimiz, rəhmətlik atamın dostunun oğlu filan deyil. Heç instagramda bir-birimizi izləmirik də. Kartımın da 16 rəqəmli kodunu bilmir. Ağ vərəq kimi klubu təhvil alan yeni rəhbərliyin etimad göstərdiyi, şəxsən klubun işıqlı günlərə çıxması üçün qollarını çırmalayan Rövşən Nəcəfin alternativlər arasında araşdırıb, komandaya ən uyğun gördüyü baş məşqçidir.
Daha əvvəl də demişdim, idarəçilikdə bi cıqqı qarışıqlıq var, hətta sarkastik yazı da yazmışdım bununla bağlı. Amma öz aramızdır, indiki vəziyyətdə doğrudan gülməlidir də, yüz dənə ştat - kommersiya, kommunikasiya, nə bilim, kapitulyasiya filan. Nə isə, zarafat bir yana, əyani olmasa da, klubdakı bütün idarəçiləri, vəzifəcə balacadan-böyüyə hamısını yaxşı tanıyıram. Ciddi deyirəm, adamların niyyətlərinin necə pak, təmiz olduğunu, “Neftçi”nin uğurunu necə sidq ürəkdən istədiklərini və bunun üçün gecə-gündüz çalışdıqlarını çox yaxşı bilirəm. Yuxarıda Allah var, həqiqətən ilk dəfədir ki, savad, dünya görüşü, intellekt, mədəniyyət cəhətdən bu qədər say-seçmə insan klubun idarəsində bir araya toplaşıb.
Pis və ya yaxşı - başqa müzakirə mövzusudur, bir seçim ediblər, Mutunu posta gətiriblər. Ki, məncə də yaşı, hədəfi, özünü sübut etmə cəhdi etibariylə adı qulağa heç də pis gəlmir. İkisi də - “Neftçi” də, Mutu da uğura möhkəm susayıb. Hörmətli rəhbərlik, sizə səslənirəm, ey böyük klubun böyük azarkeşləri, sözüm həm də sizədir: gəlin, səbirli olun, düzdür, çempionat təzə başlayıb, amma lap gəlin, bu ili qurban verin, əşi lap gələn mövsümü də qurban verin. Baxın “Qarabağ”a, illəri qurban verib, necə böyük “Qurban” qazandı. Əgər görsək ki, yenə alınmır, onda heç nə, korvalol yerinə siçan zəhəri içərik...
Rasim Sultanzadə