Formula 1 üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakının bir sıra ərazilərində nəqliyyat məhdudiyyətləri tətbiq olunacaq.
Apasport.az xəbər verir ki, ilkin məhdudiyyət sentyabrın 19-da saat 21:00-dan qüvvəyə minəcək.
Məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək və tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın idarəetmə planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-də saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Bununla yanaşı, şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək məqsədilə bəzi əsas yollar müəyyən saatlarda nəqliyyat üçün açıq olacaq.
Belə ki, sentyabrın 21 və 22-də müəyyən edilmiş giriş-çıxış nöqtələrində saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək nəqliyyatın hərəkətinə icazə veriləcək.
Sentyabrın 23-də isə həmin yollar saat 07:00-dan 09:00-dək və 20:00-dan 22:00-dək açıq olacaq.
Giriş nöqtələri:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
- M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
- S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
- Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
- Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin ediləcək.
Tranzit dəhlizlərinin açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minib-düşməsinə icazə verilməyəcək. Dəhlizlərdə sürət həddi 50 km/saat olacaq.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.