Kadiri: "Azərbaycanda özümü sübut etdiyimi düşünürəm" - Müsahibə
29.04.2024 - 17:56
Kadiri: "Azərbaycanda özümü sübut etdiyimi düşünürəm" - Müsahibə

“Araz-Naxçıvan”ın aparıcı futbolçusu Mohammed Kadiri apasport.az saytına müsahibə verib. O, komandasının hazırkı durumundan və bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirəcəyi oyundan danışıb.

- "Araz-Naxçıvan" dörd oyundur ki, məğlub olur. Uğursuzluğun səbəbi nədir, komanda niyə uğurlu nəticə qazanmağı bacarmır?
- İstənilən halda, məncə, “Araz-Naxçıvan” çox yaxşı oynayır. Nəzərə almaq lazımdır ki, komandamız Premyer Liqaya bu mövsüm yüksəlib. Biz birlikdə 2-3 il deyil ki, oynayırıq. Yalnız bu mövsüm yığılmışıq və birlikdə oynamağa başladıq. Ona görə də anlaşmanın yaxşı olması çətindir. Amma bizim yaxşı komandamız var. Bir-birimizlə 2-3 il birlikdə oynasaydıq, inanın hər şey başqa cür olardı. Buna görə deyirəm ki, bu sezonku oyunumuz da yaxşıdır.

- “Araz-Naxçıvan" bu gün 32-ci turun son oyununda “Zirə” ilə qarşılaşacaq. "Zirə" avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır. Səncə, bu komandanı səfərdə məğlub edə biləcəksiz?
- Biz həftə boyu işləmişik, hazırlaşmışıq. “Zirə” ilə görüşdə qələbə qazanmaq üçün hazırlaşırıq. Oyunun çox çətin keçəcəyi bəllidir. Amma heç kim necə olacağını deyə bilməz. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Bu dəqiqdir.

- Bu mövsüm "Zirə"ni 1:0 məğlub etmisiz, daha sonra 0:0 oynadınız, son dəfə isə 0:3 hesabı ilə uduzdunuz. Onlara qarşı oynamaq rahatdır, yoxsa, çətin?
- Bəli, bütün oyunları yaxşı xatırlayıram. Bu dəfə də çətin olacaq. Amma biz işimizin öhdəsindən gələcəyik. Buna çox inanıram. Ümidvaram ki, uğurlu nəticə qazanacağıq.

- “Araz-Naxçıvan" yəqin ki, mövsümü ən yaxşı halda 8-ci pillədə başa vura biləcək. Səncə, komanda bu mövsüm necə çıxış etdi? Daha yaxşı nəticə göstərə bilərdiniz?
- Bayaq dediyim kimi, məncə, biz bu mövsüm çox yaxşı çıxış etdik. Amma onu da etiraf edim ki, daha da artığını edə bilərdik. Bilmək olmaz, yeni mövsüm hər şey dəyişə də bilər, görək də.

- Bu mövsüm uzaq məsafələrdən vurduğun gözəl qollar var idi. Azərbaycan Premyer Liqasında özünü sübut edə bildiyini düşünürsən?
- Bəli, mən Azərbaycan Premyer Liqasında özümü sübut etdiyimi düşünürəm. Lakin bu da kifayət deyil. Azərbaycan Premyer Liqasında daha çox iş görəcəyimə ümid edirəm. Bunu da bacararam.

- Onda belə çıxır ki, yeni mövsümə də Azərbaycan Premyer Liqasında başlamaq istəyirsən? Sənə Premyer Liqada yarışan digər komandalardan təklif olub? 
- Xeyr, hazırda heç bir klubdan təklif almamışam. Amma mən təkliflərə daim açığam və istənilən komandadan da təklif gözləyirəm. Düzdür, indi bütün fikrimi “Araz-Naxçıvan”ın mövsümdəki 4 oyununa kökləmişəm. Həmin oyunlara fokuslanmışam. Lakin mən gələcək təkliflərə açığam və bu haqda müzakirə apara bilərik.

- Bura gələnə qədər "Austria", "Çernomorets", "Honved", "Arsenal" (Tula), "Dinamo"(Kiyev) klublarında oynamışdın. Səncə, bu təcrübə ilə Azərbaycanda daha yaxşı klublarda oynaya bilərsən? Hər halda, "Dinamo"nun (Kiyev) sabiq futbolçususan...
- İstənilən klubda və mənimlə işləməyə hazır olan istənilən məşqçinin komandası üçün oynaya bilərəm. Azərbaycan klubu olsa da, olmasa da, istənilən klubda əlimdən gələni edəcəyəm. Hər zaman işimə belə yanaşmışam. Meydana çıxıramsa, ən yaxşısını etməliyəm.

0