Kurbanov: "Ayaza yəqin ki, yaxşı təklif olmadığından Azərbaycana yollanıb" - MÜSAHİBƏ
05.09.2023 - 10:50
Kurbanov: "Ayaza yəqin ki, yaxşı təklif olmadığından Azərbaycana yollanıb" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq forvardı, hazırda Rusiyanın "Çayka" klubunda məşqçi kimi çalışan Maqomed Kurbanovun apasport.az saytına müsahibəsi

- Vaxtilə “Spartak”da çıxış edən Ayaz Quliyev Azərbaycana gələrək “Sabah”la müqavilə imzaladı. Onun Bakı klubuna keçidini necə qiymətləndirərdiniz?
- Ayazın Azərbaycana gəlməsini onunla əlaqələndirirəm ki, yəqin Rusiyadan yaxşı təklif olmayıb. O da bu cür qərar verib.

- Ayaz Quliyevə çoxdandır Azərbaycan klublarından və millisindən təkliflər var. Amma gəlmək istəmirdi. İndi gəlməyini nə ilə əlaqələndirirsiniz?
- Milli komandada oynamaq hər zaman əladır. Hamı yığmada oynamağı xəyal edir. Dünyanın istənilən nöqtəsində belədir. Məncə, Ayazın məsələsində də, hər şey Rusiya klublarından olan təkliflə bağlıdır. Artıq indi "Sabah"dadır. Bu komanda üçün çalışacaq.

- Son illər Quliyevin karyerasında geriləmə müşahidə olunur. "Ximki"də də az oynadı. Sizcə, o, “Sabah”a xeyir verə biləcək?
- Ayaz yaxşı futbolçudur. Təbii ki, formasında olarsa, "Sabah"a çox xeyir verəcək. Amma futbolçu olaraq, onun yaxşı keyfiyyətlərə malik olduğunu söyləyə bilərəm.

- Yəqin ki, “Sabah”da yaxşı oynasa, Azərbaycan millisinə cəlb ediləcək. Onu Azərbaycan millisində görürsən?
- Burada öncədən nəyisə proqnozlaşdırmaq çətindir. Hər şey Ayazın özündən və mövsümün gedişindəki formasından asılı olacaq. Hər halda, yaxşı futbolçu hamıya lazımdır.

- İllər öncə Ramil Şeydayev, Emin Mahmudov və Ayaz Quliyev Rusiyada oynayanda deyirdik ki, Azərbaycan millisinə dəvət olunmalıdırlar. Amma onlardan ilk ikisi yığmada olsa da, hələ də komandamız güclü deyil. Bu o deməkdir ki, 2-3 oyunçu ilə heç nə mümkün deyil?
- Məncə, kənardan heç nə gözləməyə, kiminsə köməyinə ehtiyac yoxdur. Ən yaxşısı özünüzdə yaxşı yerli futbolçular yetişdirmək lazımdır. Belədə, daha yaxşı nəticələr ola bilər.

- Yeri gəlmişkən, Azərbaycan yığması sentyabrın 9-da Bakıda Belçika ilə oynayacaq. Komandamız onlardan xal ala bilər?
- Çox çətin olacaq. Bunu da hamı ehtimal edir. Necə olacağına proqnoz verə bilmərəm. Çünki çox çətindir. Belçika dünyanın ən yaxşı komandalarından biridir. Ümidvaram ki, hər şey yaxşı bitəcək. 

0