"Neftçi" yayın işini qışa saxlamır: Lebonla yollar ayrıldı
07.01.2025 - 17:45
"Neftçi" yayın işini qışa saxlamır: Lebonla yollar ayrıldı

"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. 

"Apasport"un məlumatına görə, "qışda gedənlər karvanı"na daha bir legioner qoşulub. 

Söhbət "flaqman"ın sen martinli vingeri Kilan Lebondan gedir. 

Özünü komandada xoşbəxt hiss etməyən Lebon ayrılıqla bağlı istəyini məşqçilər korpusuna və rəhbərliyə bildirib.

Kilanın bu müraciəti müsbət qarşılanıb və onla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. 

Mövsümün əvvəlində Roman Qriqorçukun dəvəti ilə yenidən komandaya qoşulan və klubla yeni müqavilə imzalayan Lebonun qış fasiləsində özünə yeni komanda tapdığı bildirilib. 

Samir Abasovun da performansından narazı olduğu Kilan Lebon demək olar ki, gedişini yaya saxlamayıb. 

Bu ayrılıqla bağlı rəsmi açıqlamanın klub tərəfindən yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Lebon 2023-cü ilin yanvar ayında komandaya qoşulub. 2025-ci ilin iyul ayında müqaviləsi bitəcək futbolçu bu mövsüm "Neftçi" forması ilə 16 matçda iştirak edib. 

2