"Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik"
23.02.2026 - 16:20
"Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik"

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Nyukasl"la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında bir sıra açıqlamalar verib.

Təcrübəli mütəxəssis "Neftçi" ilə matçın təxirə salınması məsələsinə münaisbət bildirib: "İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından "Neftçi"yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. "Nefçti"yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, "Nyukasl"la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək "Qarabağ" yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. "Nyukasl" illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. "Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik, sağ ol deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma "Neftçi" rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, "Neftçi" buna razılıq verdi".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 25-də, saat 00:00-da start götürəcək.