Ölkəmizi növbəti mövsüm UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” heyətin formalaşdırılması istiqamətində çalışmalarını davam etdirir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu bir neçə mövqe üzrə transfer edəcəyi futbolçuları müəyyənləşdirməyə çalışır.
Geridə qalan mövsümlərdə edilən bəzi transferlərin gözləntiləri doğrultmaması “ağ-qaralar”ın rəhbərliyini daha ehtiyatlı davranmağa vadar edib. Bu səbəbdən klub yay transfer pəncərəsində addımlarını ölçüb-biçərək atmaq niyyətindədir.
Yeni mövsüm öncəsi 4-5 legionerin komandaya cəlb olunacağı gözlənilir. Bununla yanaşı, hazırda Yuri Vernidubun sərəncamında olan bəzi futbolçularla da yollar ayrılacaq. Kostinin ardınca, icarə müddəti başa çatan Luis Ortiz də komandanı tərk edəcək.
Alessio Kurçi ilə bağlı gələcək təkliflər isə dəyərləndiriləcək. Albaniyalı hücumçunu birdəfəlik satmaq mümkün olmasa, onun növbəti mövsüm üçün başqa kluba icarəyə göndərilməsi gözlənilir.
Transfer məsələsində 100 ölçüb, 1 biçən “Neftçi” rəhbərliyi önümüzdəki həftə real və rəsmi addımlar atmağı planlaşdırır. Klub yay təlim-məşq toplanışı üçün Sloveniyaya heyət baxımından maksimum hazır vəziyyətdə yollanmaq istəyir.
“Neftçi”nin Konfrans Liqasına hansı təsnifat mərhələsindən başlayacağı isə “Turan Tovuz”un CAS-a ünvanladığı şikayətin nəticəsindən sonra dəqiqləşəcək. Əldə etdiyimiz məlumata görə, bu qeyri-müəyyənlik də transfer prosesindəki hərəkətliliyə təsir göstərir.